“Azərbaycan son aylarda aparılan sülh danışıqları prosesinin nəyin bahasına olursa-olsun, vasitəçilərin olmaması şərti ilə həyata keçirməyə çalışır. Çünki əvvəlki dövrlərdə vasitəçilər prosesdə öz maraqlarının təmin edirdilər deyə, rəsmi Bakı bunun qarşısını almaq üçün müvafiq addımlar atır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Politoloq Moskvada təkbətək baş tutması gözlənilən Əliyev-Paşinyan görüşü ilə bağlı düşüncələrini bölüşüb.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə həm Avropa İttifaqı, həm də ABŞ, habelə bəzi ölkələr Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına daim vasitəçilik etməyə çalışdılar:
“Nəticədə isə prosesin ləngiməsinə şahid olduq və ortada heç bir nəticə olmadı. Bundan sonra Azərbaycan dövlətinin qətiyyətli siyasəti nəticəsində Ermənistanla təkbətək danışıqlar aparıldı və bu istiqamətdə müəyyən irəliləyişlər və uğurlar əldə olunub”.
S. Kərimlinin dediyinə görə, bu gün də Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşünün həyata keçirilməsi də prosesə müəyyən töhfələr verə bilər:
“Təbiidir ki, Rusiya MDB başçılarının görüşü çərçivəsində belə bir görüşü təşkil etməkdə müəyyən dividentlər qazanmaq istəyir və estafeti ələ almağa çalışır. Rusiya istəyir ki, danışıqlar prosesinə müəyyən dərəcədə öz töhfələrini vermiş olsun, habelə Ermənistanın sülhə gətirilməsi istiqamətində müəyyən addımlar atsın. Amma yenə də görünən odur ki, Rusiya bu prosesdə hərəkətverici qüvvə kimi çalışır və Azərbaycanla Ermənistan arasındakı görüş təkbətək olur.
Bu görüşdən müəyyən gözləntilər var. Çünki görüş təkbətək olacaq, burada üçüncü dövlətin nümayəndəsi, yaxud rəhbəri iştirak etməyəcək. Eləcə də təkbətək görüşlərdə əldə olunmuş uğurların davamını bu dəfə də izləyə bilərik”.
Rafi Müslümov