Əminəm ki, bu başlıq heç bir oxucumuz üçün aydın olmadı. Təbiidir. Çünki yad dildədir. Özü də Azərbaycan oxucusuna tanış olmayan yad dildə.
Gündəmdə Niderlanddır. Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlunun təyyarəsinə eniş izni verməyən Niderland. Ardından da Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı bir küçə bandası tövründə dayandırıb həbs etməyə cəhd göstərən Niderland.
Bu ölkəni uzun illər bizə bir demokratiya, insan haqları beşiyi kimi təqdim etdilər. Düşünürdük ki, oradan çox şey öyrənə bilərik. Amma zamanla bu ümidlərimiz suya düşməyə başladı. Niderland bizim üçün inkişaf etmiş bir Avropa ölkəsindən daha çox üzdəniraqların meydan suladığı ölkə kimi yadda qalmağa başladı.
Biz Niderlandı bir də xristian missionerliyinin ən öndə gedən ölkələrindən biri kimi tanıyırıq. Özəlliklə də yeni demokratiyalara azadlıqlar adına xristianlıq aşılamaq üçün bu ölkədən istifadə edilir.
Niderland dünyada media azadlığının da “inkişaf”ında maraqlı ölkə kimi səhnədədir. Təbii ki, burada da üzdə olanla arxada olan kəskin fərqlənir.
İndi bu missionerlər ölkəsi Türkiyə kimi qosqoca bir dövlətə, onun nazirlərinə qarşı hədsiz ədəbsizlik sərgiləyir.
Bütün diplomatik, siyasi, hüquqi qaydaları pozaraq bu “demokratiya beşiyi” Türkiyənin iki çox hörmətli nazirinə münasibətdə dilə gətirilməsi belə ayıb olacaq səviyyədə münasibət sərgiləyir.
Halbuki ortada ciddi bir problem yoxdur. Ölkə əhalisinin sayı 17 milyondur. Onun 4 milyonu əcnəbilərdir. Həmin 4 milyonun da 10 faizi – 400 mini türklərdir. Özü də eyni zamanda Türkiyə vətəndaşı olan türklər. Türkiyəli nazirlər öz vətəndaşlarıyla görüşmək üçün Niderlanda yollanmışdılar.
Hər iki nazir sırf Türkiyə məsələsi üçün ora gedirdilər. Yəni Niderlandın daxili işlərinə qarışmaq kimi bir niyyətləri yoxdu.
Amma nə oldu?
“Demokratiyanın beşiyi” bu ziyarətləri ədəbsiz bir şəkildə əngəllədi. Hələ üstəlik bir xanım olan ailə və sosial siyasət nazirinə qarşı polis zorundan istifadə etdi. Bu azmış kimi olayların cərəyan etdiyi məkandan 30 metr aralıda yerləşən Türkiyə konsulluğunu mühasirəyə aldı. Konsulun iqamətgahdan çıxıb nazirə yanaşmasına belə izn vermədi.
Bir də itlərlə etirazçıların üzərinə yürümək vardı. Niderland polisi zirehli texnika azmış kimi qorxunc köpəkləri nazirlə görüşmək istəyən dinc insanların üzərinə yürütdü. Dəhşət səhnələri hazırda hər kəsin gözü önündədir. Köpəklərin yerə yıxdığı insanlar, polislərin ayaqları altında tapdanan etirazçılar, su şırnaqları altında qalanlar. Bunlar Niderland “demokratiya”sının ötən günkü görüntüləridir.
Niderland qardaş Türkiyəyə qarşı ədəbsizlik etdi. Qanunları, beynəlxalq normaları pozdu. Özünün mahiyyətini ortaya qoydu bu “tülpanlar” ölkəsi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqlı olaraq bu davranışı “neofaşizm” kimi dəyərləndirdi. Bəli, günümüz Avropasının ən iddialı “demokratiyası” neofaşizm yuvasına dönmüş artıq.
Türk düşmənliyi əvvəllər üstüörtülü idisə, artıq gün üzünə çıxmışdır. Özü də dövlət səviyyəsində. İndi kimsə iddia edə bilməz ki, polislər Türkiyəli naziri özbaşına əngəllədilər. Yaxud da Mevlut Çavuşoğlunun uçuş iznini kimsə özbaşına ləğv etdi. Təbii ki, elə olması mümkün deyil. Qərar ən yüksək səviyyədə verilmiş, icra edilmişdir.
Bu arada maraqlı müşahidələrimiz də var. Hollandiyanın bu türk düşmənliyi məlum FETÖ çetesini də hərəkətə gətirib. Sosial şəbəkələrdə bəzən dolayısıyla, bəzən də açıq şəkildə Türkiyəyə qarşı təbliğat aparır bunlar.
Bunlarla bərabər Azərbaycandakı və Türkiyədəki 5-ci kolon da fəallıq edir. Niderlandın demokratik ölkə olduğunu, guya qanunlar çərçivəsində davrandığını təbliğ edirlər.
FETÖ-çülər və 5-ci kolon, kimə nəyi sübut etmək istəyirsiniz? Göz görə-görə Avropada insanların, diplomatların, nazirlərin sərbəst hərəkət və özünüifadə hüquqları ayaqlar altına atılıb. Üstəlik, bütün beynəlxalq qaydalar tapdalanıb. Buna Türkiyə nə etsin? Niyə Türkiyə dövlətinə qarşı sayğısızlıq edən Niderlandı deyil də, Rəcəb Tayyib Ərdoğanı hədəf seçmisiniz? Olmaya, Niderlandla sizin hədəfiniz bu dəfə şübhəli bir şəkildə üst-üstə düşür?
Elədir ki, var. İstər FETÖ-çülər, istərsə də 5-ci kolon eyni mərkəzlərə bağlı olduğu üçün Ərdoğanı hədəf alıb Türkiyəni gözdən salmaları üçün düyməyə basılıb.
İndi isə başlığa qayıdıram. “Liever Turks dan Paaps” “katoliklərdənsə türklər yaxşıdır” kimi tərcümə edilir. 16-cı yüzilin sonlarına aid ifadədir. Bu gün başımıza bəla olan Niderland katoliklərin zülmündən bezdiyi zamanlarda pənahı, qurtuluşu türklərdə görürdü. Ona görə də həmin illərdə türklərə üstünlük verməyə hazır olduqlarını ifadə etmişdilər.
Hə, burada onu da qeyd edək ki, həmin yüzillərdə Niderland da daxil olmaqla Avropada belə bir inam vardı ki, türklər başqa dinlərdən olanlara qarşı xoşgörülü – tolerant davranırlar. Ona görə də hətta xristianlığın fərqli məzhəbindən olanlardansa türklərə əsir düşmək, təslim olmaq Avropalı üçün bir qurtuluş sayılırdı.
Hələ dörd yüz il öncə qurtuluşun türklərdə olduğunu anlamış bir millət günümüzdə Türkiyə kimi bir dövlətin nazirlərinə qarşı belə sayğısızlıq edir.
Neynək, gün gələr yenə də “Liever Turks dan Paaps” deyərsiniz. Əmin olun, onda da türklər sizə qucaq açacaq, sizi bağışlayacaq, öz dindaşlarınızın zülmündən belə xilas edəcək.
Yeniçağ.Az