Litvanın gələcək daxili işlər naziri Vladislav Kondratoviç bildirib ki, o, Belarusla qalan iki sərhəd keçidinin bağlanmasına ehtiyac görmür.
Yenicag.az xəbər verir ki, bu barədə o, LRT nəşri ilə söhbətində bildirib.
Keçən il Litva Şumskas və Tveryaçyus sərhəd-keçid məntəqələrini bağlamış, bu ilin martında isə Lavorişkes və Rayqardas keçid məntəqələri bağlanıb. Hazırda Litva-Belarus sərhədində Şalçininkay və Medininkay keçid məntəqələri açıqdır.
“Fikrimcə, sərhədçilər öz işlərini görürlər, amma bəlkə də vəziyyəti təhlil etməyə və mümkün çətinliklərə hazırlaşmağa dəyər. Sərhəd keçidləri ilə bağlı vəziyyəti daha diqqətlə qiymətləndirmək lazımdır”, – o, bildirib.
“Beynəlxalq öhdəliklərə görə, bu məntəqələrin bağlanması mümkün deyil. Anlamaq lazımdır ki, qalan keçid məntəqələri yalnız Belarus və ya Rusiyaya deyil, həm də beynəlxalq funksiyaları yerinə yetirir”, – deyə Kondratoviç əlavə edib.
Qeyd edək ki, Litva tərəfi Lavorişkes və Rayqardas keçid məntəqələrini bağlamaq qərarından sonra Belarus Xarici İşlər Nazirliyi Vilnüs hökumətini “intiqam”la hədələməyə başlayıb.