Litvanın Kalininqrad addımı Rusiya ilə NATO-nu üz-üzə gətirə bilər.
Yenicag.az xəbər verir ki, iyunun 20-də Litva xəbərdarlıq etmədən müxtəlif malların Rusiyadan Kalininqrada dəmiryol vasitəsi ilə daşınmasına qadağa qoyub.
Məsələ ilə bağlı Rusiya tərəfi Litvanın atdığı addımını sərt şəkildə qınayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Litvanın atdığı addım heç bir beynəlxalq hüquqa sığmır.
Rusiya Xarici İşlər Nazirliyi isə milli maraqlarını qorumaq üçün istənilən addımı ata biləcəklərini bəyan edib.
Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Kalininqradın təhlükəsizliyini nəzərdən keçirmək üçün bölgəyə səfər edib. Rusiyanın bu addımı cavabsız qoymayacağını bildirən Patruşev bunun “Litva xalqına mənfi təsir” edəcəyini deyib.
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa Birliyinin sanksiyalarını tətbiq etdiklərini bildirərək verdikləri qərarı müdafiə edib.
Baltik dənizi sahilində Rusiya ilə Kalininqrad ərazisi arasında yeganə dəmiryol Litvanın ərazisindən keçir. Rusiyanın NATO və Avropa İttifaqı üzvü olan Litvaya sərt xəbərdarlığı Ukrayna müharibəsi fonunda Rusiya-NATO münaqişəsi riskini və hərbi ittifaqın müharibəyə cəlb oluna biləcəyi ehtimalını artırıb.
Qeyd edək ki, Rusiyanın Litvaya və ya hər hansı alyans üzvünə qarşı müdaxiləsi NATO tərəfindən bütövlükdə “müharibə elanı” kimi qiymətləndirilir.