Livandakı hücumda adı hallanan qadının Aİ ilə əlaqəsi qalmaqal yaratdı

Livanda peycer və radiolarda baş verən partlayışlarla əlaqəsi olan macar qadının Avropa İttifaqı (Aİ) üçün “xarici ekspert” kimi xidmət etdiyi məlum olub.

Yenicag.az xəbər verir ki, Brüsseldə yerləşən “EUobserver” saytının məlumatına görə, Livana partlayan peycerlərin tədarükü ilə məşğul olan və İsrail kəşfiyyatı Mossad-da işlədiyi iddia edilən Macarıstan vətəndaşı Kristiana Barsoni Arçidiakono 2021-2023-cü illərdə Aİ Komissiyasının (EACEA) Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyində “xarici ekspert” kimi məsləhətçi işləyib.

Aİ Komissiyasından verilən açıqlamada Kristiana Barsoni Arçidiakononun Aİ qurumlarının daimi işçisi olmadığı vurğulanıb.

ABŞ-da yerləşən NBC kanalına verdiyi açıqlamada Kristiana Barsoni Arçidiakono etiraf edib ki, o, Livanda partladılmış peycerləri satdığı üzə çıxan Macarıstanın “BAC Consulting KFT” şirkətində çalışıb və bu şirkətin Livana minlərlə peycer tədarükündə “vasitəçi” olduğunu bildirib. Özünün də Budapeştdəki Avropa İnnovasiya və Texnologiya İnstitutunda (EIT) işlədiyini iddia edən Barsoni Arçidiakononun bu iddiası EIT tərəfindən rədd edilib.

Macarıstan Parlamentinin sədri Zoltan Kovac sözügedən peycerlərin Macarıstanda heç vaxt olmadığını iddia edərkən, Macarıstan Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin məsələni müzakirə etmək üçün sentyabrın 26-da toplanacağı bildirilib.

Livandakı partlayışlarla bağlı şəxslərin Aİ qurumları ilə əlaqəsi diqqəti cəlb edərkən, Bolqarıstanda yerləşən və Norveçli bir şəxsə qeydiyyatdan keçmiş “Norte Global” adlı şirkətin də tədarük zəncirinin bir parçası olduğu iddia edilib.

Macarıstan mətbuatında yayılan xəbərlərdə “BAC Consulting və Norte Global”ın icraçı direktorlarından başqa ofisləri, obyektləri və personalı olmayan “poçt qutusu şirkətləri” olduğu vurğulanıb.

Sentyabrın 17-də Livanda “Hizbullah” üzvlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Sentyabrın 18-də ölkədə çoxlu radiostansiyaların partlaması nəticəsində 25 nəfər ölüb, 608-dən çox insan yaralanıb.

Livan rəsmiləri hadisəyə görə İsrailin məsuliyyət daşıdığını desə də, İsrail hələ də məsələ ilə bağlı açıqlama verməyib.

8 oktyabr 2023-cü ildən İsrail-Livan sərhədində tərəflər arasında zaman-zaman şiddətlənən qarşıdurmalar yaşanır.

Nəsimi Ələsgərli

COP29