“44 günlük müharibədən sonra Azərbaycan-İsrail münasibətləri çox yüksək səviyyədə olduğu bir vaxtda buna qısqanclıqla yanaşılırdı və hətta sözügedən məsələ Azərbaycan-İran münasibətlərinə də təsir edirdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
Siyasi təhlilçi “The Jerusalem Post” nəşrinin Azərbaycanla əlaqədar məqaləsinə toxunub.
Onun sözlərinə görə, sonradan Yaxın Şərqdə müharibə başlayanda Azərbaycan artıq bu məsələlərdə tərəf kimi çıxış etmirdi, əksinə, neytral mövqedə idi:
“Biz, ümumiyyətlə, müharibənin qarşısının alınması, danışıqlar yolu ilə həll olunmasına tərəfdar idik. Eləcə də fələstinlilərə müəyyən mənada dəstək verməklə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi, İsraillə münasibətləri normal saxlayırdıq. Ona görə də neytral mövqedə idik”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, sonrakı dövrdə, hətta indi də hansısa münasibətlərə xələl gətirən fikirlər verilirsə, bunlar hamısı ikinci qüvvənin bilavasitə fikirləridir və Azərbaycan-İsrail münasibətlərinə xələl gətirmək məqsədi daşıyır:
“Azərbaycan-İsrail münasibətləri həmişə yüksək səviyyədə olub və İsraildə böyük Azərbaycan diasporu var ki, Azərbaycan həmişə haqqı müdafiə edib. Amma həm də Azərbaycan-İran münasibətlərinin normal olmasının tərəfdarıyıq. O cümlədən, Yaxın Şərqdə Fələstinin hüquqlarını müdafiə edir, hətta Fələstin dövlətinin yaradılmasını qanuni hesab edirik. Belə bir vəziyyətdə biz müstəqil və dövlət kimi güclü dövlət kimi mövqeyimizi açıq bildiririk. Amma bunları qızışdıran, bu münasibətlərə xələl gətirmək istəyən şəxslər müəyyən məlumatlar verməklə Azərbaycanı tərəf kimi göstərməyə çalışır. Lakin Azərbaycan burada tərəf deyil, neytral mövqeyini saxlayır”.
Xatırladaq ki, nüfuzlu İsrail nəşri qeyd edib ki, Livan Azərbaycan vasitəsilə İsrailə hərbi münaqişədən qaçmaq istəyi ilə bağlı mesaj göndərib. Belə ki, Livanın xarici işlər naziri Abdullah Bou Həbib israilli həmkarı İsrail Katza xüsusi mesaj göndərərək, ölkəsinin müharibənin başlamasını istəmədiyini izah edib.
Rafi Müslümov