Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Livandan Qarabağa erməni köçü: “Bu cəhdin qarşısı sözlə yox, silahla alınmalıdır” - Tural Abbaslı

Reklam: Sinerji Pro

“Azərbaycan Ordusu ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılması nəzərdə tutulan ərazilərə xəbərdarlıq zərbələri endirsə, heç bir erməni canının qorxusundan o yerlərə köçməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan hökumətinin Livandan olan erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında, xüsusilə, Şuşada məskunlaşdırmaq siyasətini şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan hökumətinin Livan ermənilərini Azərbaycanın işğal edilmiş ərazilərində, əsasən də, xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirmək siyasətinə münasibət bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan Livanda baş vermiş məlum faciədən özünün çirkin məqsədləri naminə sui-istifadə etməklə, onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir:

“Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir.

Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir.

Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdir.

Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

İşğalçı Ermənistanın qeyd olunan siyasəti haqda Yenicag.az-a danışan AĞ Partiyanın sədri Tural Abbalsı bildirib ki, Azərbaycan rəsmi İrəvanın bu cəhdlərinin qarşısını daha qətiyyətli addımlarla almalıdır:

“Bu məsələdə mövqe birmənalıdır. Çünki dünyada qəbul olunmuş beynəlxalq qaydalar görə, işğal olunan ərazilərə başqa yerlərdən əhalinin qanunsuz köçürülməsi qadağandır. Bu, BMT səviyyəsində qəbul olunmuş qətnamədə də öz əksini tapıb.

Ümumiyyətlə, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın beynəlxalq öhdəliklər və ya qaydalara əməl edəcəyini gözləmək sadəlövhlükdür. Çünki Xocalı Soyqırımı və insanlığa qarşı çoxsaylı cinayətlər törədən, Azərbaycan ərazilərini az qala 30 ildir, işğal altında saxlayan, BMT-nin 4 qətnaməsini hələ də yerinə yetirməyən Ermənistandan beynəlxalq hüququn köçürmələrlə bağlı tələblərinə əməl edəcəyini gözləmək olmaz.

Ermənistan dəfələrlə dünyanın bir sıra ölkələrində yaşayan ermənilərin işğal altındakı Qarabağa köçürülməsi ilə bağlı addımlar atıb. Bu prosesə cəhd təkcə Ermənistan deyil, onun havadarları və erməni disporası tərəfindən də həyata keçirilib. İndi də Livanda baş vermiş partlayışdan istifadə edərək, orada yaşayan ermənilərin vəziyyətindən Qarabağa köçürülmə üçün bəhanə kimi yararlanmağa çalışırlar.

Azərbaycan tərəfi bəyanatlarla yanaşı, qəti addımlarla bu cəhdin qarşısını almalıdır. Əslində, bu məsələdə xarici siyasətin görəcəyi iş iş bir yerə qədərdir, bəlli nöqtədən sonra bunun davamı Ordumuza həvalə olunmalıdır. Azərbaycan ordusu ermənilərin Dağlıq Qarabağda köçürülməsi nəzərdə tutulan ərazilərə xəbərdarlıq zərbələri endirsə, heç bir erməni canının qorxusundan o yerlərə köçməz. Bu cəhdin qarşısı sözlə yox, silahla alınmaldır”.

Gülşən Şərif

www.yenicag.az

1639