Lombardların kredit faizləri: “Qanunvericilikdə boşluqlara rast gəlinir”

“Azərbaycanda Türkiyə və Qazaxıstanın nümunəsində bank və digər təşkilatların kredit faizləriylə bağlı hər hansısa tənzimləmə mexanizmi olmadığına görə dövlətin icazə verdiyi maksimal faiz limiti müəyyənləşdirilməyib”.

Bu sözləri ölkədə fəaliyyət göstərən lombardların faiz dərəcələrinə münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamsında qeyd edib.

O bildirib ki, bununla bağlı qanunvericilikdə müəyyən tənzimləmələr aparmaq mümkündür. Yalnız bu halda yüksək faizlərin qarşısı alına bilər:

“Ölkədə lombardlar hüquqi qaydada qeydiyyatdan keçərək fəaliyyət göstərirlər. Bir çox lombardlar da bank olmayan kredit təşkilatları kimi qeydiyyata düşürlər. Bu zaman girov qarşılığında vətəndaşlara müəyyən məbləğdə kreditlərin verilməsini təmin edir. Ancaq qanunvericilikdə bu haqda boşluqlara rast gəlinir və sərtləşmələrə ehtiyac duyulur.

Bildiyimiz kimi, Azərbaycanda Türkiyə və Qazaxıstanın nümunəsində bank və digər təşkilatların kredit faizləriylə bağlı hər hansısa tənzimləmə mexanizmi olmadığına görə dövlətin icazə verdiyi maksimal faiz limiti müəyyənləşdirilməyib. Eyni vəziyyət lombardlarda da belədir. Bəzən müşahidə edirik ki, bank və ya bank olmayan kredit təşkilatlarında faizlər 40 faizə qədər tətbiq edilir.

Oxşar durum lizinq təşkilatlarında da var. Burada isə vətəndaşlar 50 və daha çox faizlə müəyyən girov qarşılığında kredit götürməyə məcbur olurlar.

Bununla bağlı qanunvericilikdə müəyyən tənzimləmələr aparmaq mümkündür. Vətəndaşlar çarəsizlik üzündən lombard və digər kredit təşkilatlaırndan məbləğ götürürlər. Bu zaman ikitərəfli şəkildə müqavilə bağlanılır. Həmin an vətəndaşlar müqavilə şərtlərini oxumadan qarşı tərəflə razılaşırlar.

Ödəmə cədvəllərinə baxan zaman yalnız başı çıxan adam kreditin ödəniş qaydalarını anlaya bilər. Həmçinin öncədən qeyd etdiyim kimi, qanunvericilikdə minimal və maksimal limitlə bağlı qaydalar tərtib edilməlidir. Ancaq bu halda yüksək faizin qarşısı alına bilər”.

Yusif Səmədzadə