!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"London olayı Türkiyə-Azərbaycan yaxınlaşmasının doğru olduğunu bir daha isbatladı" - Azər Ayxan

!Reklam – Yazi

Bir neçə məsələyə diqqət çəkməliyik və nəticəni buna görə çıxarmalıyıq.

Britaniya paytaxtında Azərbaycan səfirliyinin yerləşdiyi binaya hücum edən məlum dəstə İranın dini hakimiyyətinə qatı müxalifətdədir. Deyilənə görə, 2018-ci ildə eyni qrup İranın Londondakı səfirliyinə də hücum çəkib. Ən vacib məsələ işin arxasında İranın olmadığını bilməyimizdir. Buna görə İranı söyməyin yeri yoxdur. Hazırkı şəraitdə cənub qonşumuzla aramıza gərginliyin girməsi bizə də, rəsmi Tehrana da sərf etmir. Hər nə qədər İrandan xoşumuz gəlməsə də, bizə üzdə dost, arxada düşmənlik etsə də reallıq nəzərə alınmalıdır. Cəbhəni genişləndirməyə gərək yoxdur.

Səfirliyə hücuma görə ordakı əməkdaşları “ölün, boyunuz yerə girsin” ritorikası ilə tənqid-təhqir etməyi lazımsız iş sayıram. Diplomatik fəaliyyətlə məşğul olan adamların o görkəmdə radikal “dindarlardan” qorxması təbiidir. Hardan biləydilər ki, silahsızdılar. Ümumiyyətlə, silahsızmı olublar? Burda əsas məsuliyyət İngiltərə polisinin üzərinə düşür. Səfirlik binalarını diplomatik korpusun yerləşdiyi ölkələr qoruyur, bildiyimiz qədər. İndiyə kimi diplomatik korpuslara 10-larla hücum olub, neçə diplomat öldürülüb, neçə bayraq yerə atılıb. Bu nə ilkdi, nə də son.

Məlum hadisəni fürsət bilib İslam dininə hücum etmək yolverilmzədir. Radikal qrupun vandallığına görə milyonlarla inanc adamının qəlbini qırmaq olmaz. Məhərrəm ayını, İmam Hüseyn fəlsəfəsini ələ salmaq, aşağılamaq, cümlə günahların baiskarı kimi göstərmək özü bir başqa radikal davranışdır. İmam Hüseyn fəlsəfəsinə heç dini açıdan baxmayaq. Zülmə, haqsızlığa dirəniş kimi baxaq. İnanın, bu cür yanaşma fikir, ideya qarşıdurmalarını, mübahisələrini xeyli səngidər. Əsrlərdir azərbaycanlıların Məhərrəm ayına sayğı və sevgi ilə yanaşmasının kökündə əsasən bu dayanır – İmam Hüseyn və tərəfdarları zalımın zülmünə qarşı çıxdıqları üçün şəhid olublar. Biz də əsrlərdir İmam Hüseyn müsibəti yaşayan xalqıq. Fəqət nə zalıma boyun əydik, nə onun zülmünə tabe olduq. Başımıza açılan bunca oyunlara, yaşadığımız bunca zülmlərə rəğmən ayağa qalxdıq, toparlandıq və düşmənə, onun zalım havadarlarına cavab verdik, haqqımızı bərpa etməyə başladıq.

Nəhayət, “Mehdinin xidmətçiləri” radikal qrupun Britaniya kəşfiyyatının kuklası olduğu haqda iddialar dolaşır. Bəzi təhlilçilərin fikrincə, mesajı İngiltərədən almışıq. Bunun birmənalı belə olduğunu söyləmək üçün əlimizdə yetəri qədər fakt, informasiya yoxdur. Ölkəmizin Britaniya ilə son 30 ilə dayanan çox yaxşı münasibəti var. Bəs nə dəyişib? Azərbaycana göz dağı vermək hansı siyasi-iqtisadi qrupların maraq dairəsində ola bilər?

Bunun Qarabağla, Azərbaycanın, prezident İlham Əliyevin mərkəzində dayandığı, bir başa yön verdiyi türk dünyanın son vaxtlardakı inteqrasiyası ilə, yaxud neft-qaz siyasəti ilə bir əlaqəsinin olub-olmadığı barədə qəti fikir bildirmək doğru olmaz. Lakin bəzi qənaətləri bölüşmək, ictimai rəyin yanlış yönləndirilməsinin qarşısını almaq mütləq lazımdır.

London olayı Türkiyə-Azərbaycan yaxınlaşmasının, bu iki ölkənin bütün sahələrdə qardaşca birləşməsinin doğru olduğunu bir daha isbatladı. Qərblə, Rusiya ilə, İranla münasibətləri qaydasında tutmaq şərti ilə türk dövlətlərinin birliyinə nail olmaq ana hədəfimiz, nicat yolumuzdur.

Azər Ayxan

www.yenicag.az

299
Ads
www.veteninfo.com
!Reklam – Arxiv