Kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) sui-qəsd hazırlayan dəstə üzvlərinin Türkiyədə azadlığa buraxılması cinayətkar aləmdə yeni situasiya yaradıb.
Yenicag.az xəbər verir ki, Rusiya mediası Azərbaycan vətəndaşları, Lotu Quliyə sui-qəsd ittihamı ilə Türkiyədə həbs edilən “qanuni oğru” Hacı Beyləqanski ilə Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin 3 gün əvvəl azadlığa buraxılmasından sonra hadisələrin mümkün inkişafını dəyərləndirib.
Materialda qeyd olunur ki, azadlığa buraxılan şəxslər Türkiyənin adı açıqlanmayan vətəndaşının işə qarışması sayəsində həbsxanadan çıxa biliblər. Məlumata görə, azadlığa çıxan Beyləqanski ilə Canıyev həftədə iki dəfə polisdə qeydiyyatdan keçməlidirlər.
Ancaq onların məhkəməyə qədər aradan götürülmə ehtimalının olduğu vurğulanır. Bundan başqa, Beyləqanskinin bu tələbə boyun əyməsinin “oğru qanunları”na zidd olduğu da qabardılır. Ancaq nə olur-olsun, Beyləqanski və Canıyev gizlənməyə çalışmayacaqlar, onların həyatına bir qara qəpik də verməzlər.
Bildirilir ki, onların hər ikisi məhz Lotu Quli belə istəyib deyə, hələ də yaşayırlar. Türkiyəli kriminallar onları həbsxanada aradan götürməyi təklif etsələr də, Quli buna razılıq verməyib və düşmənlərini başqalarının cəzalandırmasını istəməyib. Məlumdur ki, belə hallarda Quli şəxsi intiqam hüququnu özündə saxlayır.
Deyilənə görə, Türkiyə cinayət aləminin başçısı, 15 iyul çevriliş cəhdi zamanı qiyamçılara qarşı mübarizə apardığı üçün prezident Ərdoğanın rəğbətini qazanmış Sedat Peker Beyləqanski ilə Canıyevlə işbirliyinə gedən “Şirinlər” qruplaşmasına görə Lotu Quliyə üzrxahlığını bildirib. O, Qulini inandırmağa çalışıb ki, türk kriminallar bu əməkdaşlığın kimə qarşı yönəldiyini bilməyiblər və yalnız yüksək məbləğə şirnikərək, bu işə baş qoşublar.
Lənkaranskinin öldürülməsindən sonra Beyləqanskini himayəsinə götürən Merab Canqveladze də onun planlarından xəbərdar olmadığını deyərək, Qulidən üzr istəyib. Canqveladze Beyləqanski həbsdən çıxan kimi onu şəxsən Quliyə təslim etməyə də and içib.
Lakin Qulinin əsas düşməni Lənkəranski imperiyasının “beyin mərkəzi” Namiq Canıyevdir. Beyləqanski və onları azadlığa buraxdıran Türkiyə vətəndaşı da “risk qrupu”na daxildirlər.