“Qarabağ” vaxtilə “Ludoqorets”dən də güclü komandaları arxada qoyub”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında qarşı-qarşıya gələcək “Ludoqorets”-“Qarabağ” matçını dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, rəqib müəyyən təyziq altında səhvlərə yol verə bilir:
“Təbii ki, çətin olacaq. İlk oyunda “Ludoqorets” gözləniləndən də daha güclü komanda çıxdı. Birinci oyunda nümayiş etdirdikləri əzmkarlıq az bir şey deyildi. Bəli, rəqibin boşluqları, yola verdikləri səhv nöqtələri var. Belə desək rəqib keçilməz deyil. Komanda müəyyən təzyiq altında səhvlərə yol verirlər. Lakin qələbə qazanmaq üçün də kifayət qədər yaxşı oyunçuları var. Ümumiyyətlə, “Ludoqorets”in göstərdiyi bu performans təkcə bu ilə aid deyil. Komanda bir neçə ildir ki, qruplara vəsiqə qazanmaqla da özünü sübut edib. Birinci görüşdən çıxış edərək, rəqib komandanın cavab qarşılaşmasında hansı taktika ilə çıxış edəcəyi barədə də nəsə demək çətindir. Çünki ilk qarşılaşma onlar üçün səfər qarşılaşması ssenarisi idi. Cavab oyununda ilk oyundakı kimi eyni cür oynayacaqlarını yoxsa yenə də müdafiədə oturmayacaqlarını yaxud da oyunu əks hücumdan quracaqlarını demək həqiqətən çətindir. Düşünürəm ki, rəqib bir qədər ehtiyatlı oynayacaq. Üstəlik, “Qarabağ”ın onların üzərinə gələcəyini yaxşı bilirlər. Ona görə də, oyunu əks hücumlarda qura bilərlər”.
K.Məstəliyev qeyd edib ki, burada əsas çətinlik komandamızın üzərinə düşəcək.
“Fikrimcə, müdafiə olunmaq “Qarabağ” üçün səhv addım olar. “Qarabağ” pressinqdə olanda nəticə qazana bilir, amma bunu nə qədər müddət davam etdirə biləcəksə o zaman nəticə ola bilər. İlk 20 dəqiqədə rəqibi təzyiqdə saxlayıb, üstünlük əldə edərək, daha sonradan əks hücuma oynamaq, yaxud bu performansı 30 dəqidədə, ilk 45 dəqiqəyə qədər uzada bilərikmi, əsas sual da elə budur. Yəni komandanın fiziki hazırlığından çox şey asılı olacaq. Düşünürəm ki, “Qarabağ” yenə də ilk oyundakı kimi hücumda oynayacaq. Oyunda hər 3 nəticə ola bilər. Komandamız uda da, heç-heçə qala da, uduza da bilər. Nikbin proqnoz vermək çətindir. Hazırda turu keçmək şanslarını götürsək, 55-in 45-ə “Ludoqoretsin xeyrinədir. “Qarabağ” vaxtilə “Ludoqorets”dən də güclü komandaları arxada qoyub. Sadəcə komandanın toparlanmağı lazımdır. Düşünürəm ki, toparlana, lazımi gücü özlərində tapa bilsələr, turu keçmək problem olmayacaq”.
İsmayıl Bakuvi