“Lukaşenko bir az dözdü və Paşinyanı yerində oturtdu” – Eldar Namazov

“Paşinyan diplomatik etiketə sığmayan davranışları dövlət başçılarının danışıqlar masasına gətirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına səsləndirdiyi aşağılayıcı ifadələrin səbəblərinə toxunan politoloq Eldar Namazov deyib.

Eldar Namazovun sözlərinə görə, Paşinyanın “çayxana davası”na bənzəyən davranışlarına cavab verilməliydi və verildi:
“Təbii, bu danışıq tərzi diplomatik protokola uyğun deyil. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, bu tərzi ilk seçən tərəf Lukaşenko deyil, məhz Paşinyan oldu. Yəni birinci Paşinyan o cür danışmağa başladı.

Rusiya jurnalistlərinə dörd saatlıq mətbuat konfransı zamanı Belarus prezidentinin səsləndirdiyi fikirlər, müxtəlif məsələlərə dair sitatlar Paşinyanın davranışlarına cavabdır.

Yada salaq ki, Paşinyan KTMT-nin toplantısından sonra mətbuata “Mən Lukaşenkodan cavab tələb edəcəm”, “Lukaşenko mənə izahat verməlidir” kimi açıqlamalar verməyə başladı.

Paşinyan protokoldan çox uzaq, diplomatik etiketə sığmayan dövlət və hökumət başçılarına xas olmayan, adətən, mitinqlərə xas olan fikir və yanaşmaları dövlət başçıları səviyyəsində aparılan danışıqların masasına gətirdi. Sanki, bu, dövlət başçılarının görüşü yox, hansısa çayxana davasıdır.

Lukaşenko onun bu hərəkətlərinə xeyli dözdükdən sonra Paşinyana onun anladığı, yaxşı başa düşdüyü dildə cavab verdi, yerində oturtdu. Ona görə də, Lukaşenkonu qınamağa əsas yoxdur. Yenə deyirəm, Belarus prezidenti sadəcə, Paşinyana adekvat davrandı”.

A.Zeynalov

COP29