Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud olan hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Belarus prezidenti bildirib ki, əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT TŞ-nin heç bir qətnaməsini pozmur: “Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqının təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”.
Lukaşenkonun sözlərinə görə, Azərbaycan xalqının özünü sakit, təhlükəsiz və etibarlı hiss etməsi üçün müdafiə tədbirləri gücləndirilməlidir: “Biz bu baxımdan sizinlə işləyirik və bu işləri gələcəkdə də davam etdirəcəyik”.
Belarus prezidenti Azərbaycan prezidenti ilə tez bir zamanda görüşə ümid etdiyini də söyləyib.