Lüks mallara vergitutmanın ARTIRILMASI: “Əgər yerli istehsal yoxdursa, bu addım…” – İqtisadçının ŞƏRHİ

“Ölkədə lüks malların istehsal bazası yoxdursa, istehlak bazarında həmin məhsulların bahalaşmasını müşahidə edəcəyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda lüks mallara vergitutma (xüsusən ƏDV və gömrük rüsumları tutulması), habelə alkoqol və tütün məhsullarına aksiz vergilərinin artırılması ilə bağlı hökumətin gündəliyində olan layihəyə münasibət bildirən iqtisadçı Fuad İbrahimov bildirib.

Fuad İbrahimovun sözlərinə görə, lüks mallara vergitutmanın artırılmasını nəzərdə tutan tədbirlər effektiv təsirə malik olacaq:

“Əgər yerli istehsal varsa, lüks mallara vergitutmanın artırılması bu sahənin stimullaşdırılmasına şərait yaratmış olacaq.

Eyni zamanda, ölkədə lüks malların istehsal bazası yoxdursa, istehlak bazarında həmin məhsulun bahalaşmasını müşahidə edəcəyik”.

Xatırladaq ki, Azərbaycanda lüks mallara vergitutma (xüsusən ƏDV və gömrük rüsumları tutulması), habelə alkoqol və tütün məhsullarına aksiz vergilərinin artırılacağını haqda maliyyə naziri Samir Şərifov anons edib:

Onun sözlərinə görə, bununla bağlı təkliflər artıq hazırdır və layihə hökumətdə müzakirə olunur:

“Bunlar, əsasən, lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onların daha yüsək aksizlər və vergilər nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun”.

Gülşən Şərif