Maaş, pensiya artandan sonra ərzaq qiymətləri niyə yüksəlir? – AÇIQLAMA

“Əməkhaqqı və pensiya artımları fonunda süni qiymət artımlarına qarşı mübarizə çox önəmlidir. Süni qiymət artımlarına qarşı mübarizənin güclənməsi həm də vətəndaşlarımızın maaş və pensiya artımlarının süni qiymətlər tərəfindən yeyilməsinin qarşısını ala bilər”.

Bunu “Unikal”a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, qiymət artımları baş verən zaman vətəndaşların xərci də artır:

“2025-ci il böyük sosial paketin icra olunduğu il olacaq. Cənab Prezident tərəfindən imzalanmış sərəncamlar, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq növbəti ay pensiyaların indeksləşdirilərək artırılması, minimum pensiyanın artımı, Nazirlər Kabineti tərəfindən Vahid Tarif Cədvəlinə uyğun olaraq əməkhaqqı artımı, minimum əməkhaqqındakı artım praktiki olaraq dövlət büdcəsindən sosial istiqamətlərə daha çox vəsaitin ayrılmasına gətirib çıxaracaq. İlkin qiymətləndirmələrə görə, sosial paketin maliyyələşməsinə əlavə olaraq 1,6 milyard manat vəsait ayrılacaq.

Bötüvlükdə, 2025-ci ilin dövlət büdcəsinin xərclərinin 16,9 faizi sosial istiqamətə yönəldiləcək. Bu o deməkdir ki, istehlaka böyük vəsaitin yönəldilməsi müşahidə olunacaq. Bu da süni qiymət artımlarına qarşı mübarizənin daha sistemli və geniş şəkildə həyata keçirilməsini aktuallaşdırır. Uyğun dövlət qurumları istehlak bazarında qiymətlərin optimallaşdırılmasına və süni qiymət artımlarına qarşı mübarizədə yeni alətlərdən, metodlardan istifadə etməlidir. Süni qiymət artımlarının qarşısının alınması kimi öhdəliklər daha da aktuallaşmaqdadır”, – deyə deputat qeyd edib.