Maaş və pensiyalarda yeni artımlar nə qədər vətəndaşı əhatə edəcək?

2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib.

O bildirib ki, 2025-2028-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb.

“Növbəti ilin büdcə hesablamalarında neftin qiyməti 70 dollar götürülüb.

“2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir.

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir.

Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5%, qeyri-neft sektoru üzrə 4,9%-lik real artım tempi proqnozlaşdırılır.

Ortamüddətli dövrdə isə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 5% proqnozlaşdırılır.

Ortamüddətli perspektivdə neft-qaz sektorunda hasilatın azalması ilə artım tempinin zəifləməsi fonunda qeyri-neft iqtisadiyyatının inkişafı əsas hədəflərdən biridir.

Möhtərəm cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanları əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin təmin edilməsinə də mühüm töhfələr vermişdir.

2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır.

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcəkdir.

Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43%-ni təşkil edir.

Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulub.

Ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması üçün zəruri maliyyə təminatının yaradılması xüsusi önəm daşıyır.

Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin ~17%-in təşkil edir”./Trend/

COP29