Maddi-texniki bazası olmayan universitetlərin bağlanması zəruridir – Ekspert rəyi

Bir neçə gün öncə Təfəkkür, ardınca isə Qafqaz universiteti bağlandı. Ancaq bu prosesin davam edəcəyi ilə bağlı mediada müxtəlif fikirlər yer aldı və qeyd edildi ki, əlavə olaraq bir sıra dövlət və özəl universitetləri də eyni aqibət gözləyir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, universitetlər bir-neçə səbəbə görə bağlana bilər. Onun sözlərinə görə, bu məsələyə birmənalı münasibət bildirmək olmaz:

“Əvvəla, burada bir sıra səbəblər var ki, bu universitetlərin bağlanmasını zəruri edir. 90-cı illərdə müstəqillik əldə etdikdən sonra ölkənin sosial, iqtisadi həyatında olduğu kimi təhsil sahəsində də keçid dövrü ilə əlaqədar müəyyən qədər boşluqlar meydana gəldi. Məsələn, təhsil qanununun qəbulu 15 il ləngidi, normativ hüquqi bazanın yaradılması istiqamətində işlər gecikdi. Bundan asılı olaraq, ölkədə universitetlərin və orta ixtisas məktəblərinin sayı artmağa başladı. Pedoqoji kadrların ixtisasartırma və yenidən hazırlanması İnstitutu Müəllimlər İnstitutuna çevrildi. Rayonlarda bu təhsil müəssisəsinin 11 filialı yaradıldı. Lakin ölkənin inkişafı ilə əlaqədar olaraq, bu sahədə bir tənzimlənmə yaranmağa başladı.

Məhz bu səbəbdən universitetlərin bağlanmasının bir neçə səbəbi var. İlk olaraq onu deyim ki, maddi-texniki bazası olmayan bir sıra universitetlər bazar iqtisadiyyatının rəqabətinə tap gətirə bilmədi və belə müəssisələr bağlandı. Digər tərəfdən hazırda təhsil sahəsində optimallaşdırma, rasionallaşdırma gedir. Bir-birini təkrarlayan universitetlər, kolleclər var. Bu səbəbdən eyni ixtisası tədris edən kolleclər universitetlərin tərkibinə verilir. Dünya təcrübəsində belə hallar var. Bu bir tərəfdən Təhsil Nazirliyinin siyasəti, digər tərəfdən də bazar iqtisadiyyatının tələbləri ilə bağlıdır. Ayrı-ayrı universitetlərin bağlanmasına eyni prizmadan baxmaq olmaz. Yəni, hər birinin bağlanmasının, şübhəsiz ki, səbəbi var. Heç kim zəmanət verə bilməz ki, sabah hansısa universitet bağlanmayacaq. Misal üçün deyək ki, ölkədə 5 universitet kadr hazırlığı ilə məşğul olur. Axı buna ehtiyac yoxdur. Ona görə də rasionallaşdırma baxımından bir ideya olaraq qərara alınıb ki, 5 ali təhsil ocağı birləşdirilərək vahid mühəndislər universiteti yaradılsın”.

N.İsrafilov onu da qeyd edir ki, universitetlərin bağlanması yaxşı hal deyil:

“Çünki bu, istər ictimaiyyət, istərsə də dövlət və Təhsil Nazirliyi üçün bir sıra problemlər yaradır. Xatırlayırsınızsa, Azərbaycan Beynəlxalq Universiteti bağlananda tələbələrin diplomları və digər məsələlərlə bağlı xeyli problem yarandı. Bu gün də tələbələr var ki, öz diplomunu ala bilməyiblər. Burada tələbənin, müəllimin, valideynin nə günahı var ki, hansı universitet düz və ya səhv açılıb. Şübhəsiz ki, Təsil Nazirliyi tələbələrin digər universitetlərə yerləşdirilməsi və digər məsələləri tənzimləmək üçün Təhsil Nazirliyi əməli tədbirlər görməlidir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Yeniçağ.az-a bildirilən məlumata görə, nazirlikdə daha hansısa dövlət və ya özəl universitetin bağlanacağı barədə müraciət edilməyib və belə bir məlumat yoxdur.

 

BƏXTİYAR
Yeniçağ.az