!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Madrid beynəlxalq konfransı səmərəli müzakirə platforması kimi - FOTO

!Reklam – Yazi

Müasir beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir.

Hazırda xalqlar və milli dövlətlər ayrı-ayrı çağırışlarla üzləşirlər, meydana çıxan təhdidlər isə təkcə bir xalqı, dövləti və regionu əhatə etmir, bütövlükdə bəşəriyyətə qarşı yönəlir. Xüsusilə də, müxtəlif coğrafi məkanlarda – ayrı-ayrı regionlarda və ölkələrdə dini zəmində qarşıdurmaların baş verməsi dünya xalqlarını yeni təhlükələrlə qarşı-qarşıya qoyur. Dünyada dini zəmində ciddi kataklizmlərin yaşandığı, xaos və anarxiya mühitinin hökm sürdüyü bir şəraitdə sivilizasiyalararası dialoqun təmin olunması, multikulturalizmin, tolerantlığın təbliği mühüm əhəmiyyətə malikdir. Bunun üçün isə dinləararası dialoqun təşviq və təmin olunması strateji zərurət kimi ortaya çıxır. Doğrudur, müxtəlif mərkəzlərin radikalizm və terrorizmi təbliğ etməsi, ayrı-ayrı xalqların, milli dövlətlərin həmin mərkəzlər tərəfindən hədəfə alınması bütövlükdə dinc birgəyaşayışa, tolerantlıq ənənələrinin möhkəmlənməsinə və multikultural dəyərlərin təbliğinə ciddi əngəllər yaradır. Ona görə də terrorizm, radikalizm və ekstremizmə qarşı effektiv mübarizə mexanizminin formalaşdırılması üçün səmavi dinlərin sülh fəlsəfəsi və həmrəylik amili müstəsna önəm kəsb edir. Bunun üçün isə dinlərarası dialoq platformalarının yaradılması xüsusi əhəmiyyətə malikdir.

Dinlərarası dialoq sülhü və qarşılıqlı anlaşmanı təmin edən mühüm vasitədir

Tolerantlıq nümunəsi, beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi sivilizasiyalararası dialoqun genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsinə mühüm töhfələr verir. Bu gün Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən tədbirlər sayəsində dinlərarası dialoq ideyası və məsələsi beynəlxalq miqyasda aktual müzakirə predmetlərindən birinə çevrilib. Xüsusilə də, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirlər beynəlxalq aləmdə, həmçinin ayrı-ayrı Avropa ölkələrində böyük rezonans doğurur. Belə tədbirlərdən biri də artıq ənənə halını almış İspaniyanın paytaxtı Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransdır.
Əvvəla qeyd etmək lazımdır ki, Madrid beynəlxalq konfransına maraq həddindən artıq böyük idi. Tədbirdə yerli dini və etnik icmaların nümayəndələri iştirak edirdilər. Konfransda Azərbaycanı hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və digərləri təmsil edirdilər. Tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), İspaniyanın Ədliyyə Nazirliyinin və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirildi.

Konfransda səsləndirilən fikirlər müasir dövrdə dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya fundamental töhfələrini bir daha ortaya qoydu. Evsen Fondunun rəhbəri Eli Evsen tədbirdə çıxış edərək bildirdi ki, bu gün insanların qarşısında gənclərin sağlam gələcəyinin təmin edilməsi əsas vəzifə kimi dayanır. O qeyd etdi ki, bunun üçün bütün dinlərin nümayəndələrinin birgə fəaliyyət göstərməsi olduqca önəmlidir: “Biz gənclərə düzgün yol göstərməli, təhsil almalarını təmin etməliyik. Yalnız savad qazanmaqla, təhsil almaqla sağlam gələcək təmin edilə bilər. Bu gün bütün dünyada təriqətlərarası münaqişələr mövcuddur. Bunu inkar etmək olmaz. Ancaq biz müqəddəs bir amal – sağlam gələcək naminə bir olmalıyıq”.

İspaniya Konstitusiyasının 10-cu maddəsində dini və şəxsiyyət azadlığının təsbit edildiyini bildirən bu ölkənin ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols isə diqqətə çatdırdı ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. O qeyd etdi ki, bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir. Yalnız qarşılıqlı hörmət və birgə fəaliyyətlə mövcud problemləri həll edə bilərik.

Allahşükür Paşazadə: İspaniya dinlərin, sivilizasiyaların qovuşduğu bir məkandır

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Yer üzündə yaşayan insanların bir-birilərinə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamalarının Uca Yaradanın ən böyük tövsiyəsi olduğunu söylədi. “Bu barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulur: “Yer üzü (iman və ədalətlə) islah olunduqdan sonra orada fəsad törətməyin”. Dinamik inkişafda olan, sürətlə dəyişən dünyada son zamanlar cərəyan edən hadisələr, təəssüf ki, dini və milli zəmində dözümsüzlük, qarşıdurma halları və ekstremizmin tüğyan etməsi ilə müşayiət olunur. Planetimizin müxtəlif yerlərində törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri, heç şübhəsiz ki, sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur. Yaşanan böhran və faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyamızı mehvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi İli” məhz bu məramlara xidmət edir. Dünyanın bir sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq tədbirlər, o cümlədən bugünkü ənənəvi, sayca üçüncü beynəlxalq Madrid konfransı da bu amallara xidmətin nümunəsidir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin başçısının qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini – multikulturalizmin real modelini təqdim edir”, – deyən Allahşükür Paşazadə vurğuladı ki, İspaniya dinlərin, sivilizasiyaların qovuşduğu bir məkandır.

Madridin baş yepiskopu Karlos Osoro: Dinlər arasında divarlar hörmək yox, onları aradan qaldırmaq lazımdır

Albaniyanın keçmiş kardinalı Ernest Simoni bu gün dünyanın bir çox bölgələrində münaqişələrin olduğunu xatırladaraq bütün insanları əhalisi çətin şəraitdə yaşayan bu bölgələrə yardıma səslədi. Madridin baş yepiskopu Karlos Osoro bütün dinlərdə sabitliyin, sülhün əsas tutulduğunu qeyd edərək insanların heç də hər zaman bu dəyərlərə sadiq qalmadıqlarını təəssüflə bildirdi. O diqqətə çatdırdı ki, dinlər arasında divarlar hörmək yox, onları aradan qaldırmaq lazımdır. Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər isə dünyada islamofobiyanın mövcud olduğunu xatırlatdı. O qeyd etdi ki, bu yanlış yanaşmaya qarşı sağlam mübarizənin aparılması vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub insanlar deyil, digər dinlərin nümayəndələri də birgə səy göstərməlidirlər.

Siyavuş Novruzov: Dini azadlıq olmadan digər azadlıqlardan danışmağa dəyməz

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dövlət-din münasibətlərində qanunvericiliyin rolu mövzusunda çıxış edərək bildirdi ki, dinlərarası dialoq sivilizasiyaların da inkişafına təkan verir: “Dini azadlıq olmadan digər azadlıqlardan danışmağa dəyməz. Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlıq tam təsbit edilib. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdəki dini konfessiyalara diqqət, qayğı göstərilir. Bugünkü konfransda Azərbaycanda yaşayan bütün dini icmaların nümayəndələrinin iştirakı bir nümunədir”.

Abel Məhərrəmov: Bəşəriyyət nə qazanıbsa, sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə yalnız zərər verir

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirdi ki, bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdən biri tolerantlığı qorumaqdır. Bəşəriyyət nə qazanıbsa, sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə yalnız zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos var. Bu xalqlar hamısı bir yerdə, bir dünyada mehriban yaşamalıdırlar. Akademik dini elmi əsaslarda öyrənmək və dərk etməyin məhz tolerantlıq ənənələrini möhkəmləndirdiyini vurğulayaraq ölkəmizdə ali təhsil müəssisələrində də tolerantlığın təbliğ və tədris edildiyini bildirdi.

Əli Ərbaş: İslamofobiya sosial ədalətsizlikdir

Bu gün dünyada bir çox sosial ədalətsizliklərin olduğunu bildirən Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş isə “bu gün dünyada mövcud olan sosial ədalətsizliklərdən biri də aclıqdır. Hər 3 saniyədə bir insan aclıqdan ölür. Sosial ədalətsizliklərdən digəri isə islamofobiyadır. Bu, çox qorxulu problemdir. Ona əsasən Avropa ölkələrində rast gəlinir. İslamofobiyanı dəstəkləyən qüvvələr terror təşkilatları yaradır, müsəlman ölkələrində insanları öldürür, faciələr törədirlər”, – deyə vurğuladı.

Moskva şəhəri və “Moskovskiy Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının Ruhani İdarəsinin müftisi Albir Krqanov: Dünyada İslam dininə qarşı mövcud olan ikili standartlar aradan qaldırılmalıdır

Moskva şəhəri və “Moskovskiy Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının Ruhani İdarəsinin müftisi Albir Krqanov dünyada İslam dininə qarşı mövcud olan ikili standartlardan danışdı. O bildirdi ki, belə yanaşmaları aradan qaldırmaq üçün İslam dininə mənsub insanlar bir olmalıdırlar.

Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafı, multikulturalizm və tolerantlığın təbliği kontekstində strateji əhəmiyyətə malikdir

Konfransda bütün dinlərin mahiyyətində və fəlsəfəsində sülh, tolerantlıq və qarşılıqlı anlaşmanın olduğu xüsusi olaraq diqqətə çatdırıldı. Dini zəmində zərərli çağırışların və radikal-ekstremist hərəkətlərin yolverilməz olduğu, bu cür neqativ halların aradan qaldırılması üçün dinlərarası dialoqun xüsusi önəminin vurğulandığı tədbirdə birgə – koordinasiyalı fəaliyyətin mühüm əhəmiyyətə malik olduğu qeyd edildi.

Minə yaxın nümayəndənin iştirak etdiyi tədbirin ikinci hissəsi bədii proqramla başladı və bədii hissədə Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ifa edildi.

Əli Evsen: Bu gün insanların qarşısında duran əsas vəzifə gələcək nəsillər üçün daha etibarlı, daha parlaq gələcək qurmaqdır

Evsen Fondunun rəhbəri Əli Evsen tədbirdə çıxış edərək bildirdi ki, bu gün insanların qarşısında duran əsas vəzifə gələcək nəsillər üçün daha etibarlı, daha parlaq gələcək qurmaqdır. Bunun üçün isə dinlərarası və sivilizasiyalararası dialoqu inkişaf etdirmək lazımdır. Gənclərimizin ziyanlı təsirlərə düşməsinin qarşısını almalı, onları doğru yola yönəltməliyik. İspaniya Ədliyyə Nazirliyinin nümayəndəsi Pablo Kasado dialoq və qarşılıqlı anlaşmanın dünyamızdakı problemlərin həlli baxımından çox önəmli olduğunu bildirdi. O, din xadimlərinin bu işdə daha yaxından iştirakının vacibliyini vurğuladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qeyd etdi ki, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini, sivilizasiya mərkəzlərindən olan Azərbaycan multikulturalizmə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətimizin diqqət və himayəsindən yararlanırlar.

“Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında birləşməyə çağırır, multikulturalizm və İslam həmrəyliyi ideyalarının dövlət siyasətinin prioritet istiqamətləri olmasını bəyan edir. Bütün dünyaya çağırış olaraq ölkəmizdə “Multikulturalizm” və “İslam Həmrəyliyi” illərinin elan olunması Azərbaycan Prezidentinin XXI əsrdə həyata keçirdiyi müdrik təşəbbüslərdir. Bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Qafqaz Müsəlmanları İdarəsinin yanında “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” mərkəzinin təsis edilməsi bu ənənənin davamı kimi dəyərləndirilməlidir. Yeri gəlmişkən, Azərbaycan dövləti İspaniyanın həmtəşəbbüsçüsü olduğu Sivilizasiyaların Alyansı ideyasına da böyük önəm verir və bunun bariz nümunəsi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməyimiz oldu. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz din xadimləri dünyada baş verən hadisələrə ilahi ədalət və insani dəyərlər baxımından qiymət veririk. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Pitsburq şəhərindəki sinaqoqda və Misirdə qibti zəvvarlara qarşı törədilmiş terror aktları din xadimləri tərəfindən ilahi dəyərlərin pozulması kimi səciyyələnir. Bu siyahıya Azərbaycan ərazisinin bir hissəsinin uzun illərdir davam edən işğalını, Xocalı şəhərində soyqırımı törədilməsini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsini, zəbt olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqların məhv edilməsini əlavə etmək istəyirəm. Bu gün dünya belə cinayətlərə göz yumarsa, gələcəyini də itirə bilər. Halbuki Allah-Təala bizə xeyir əməllərdə, savab işlərdə bərabər olmağı, birgə fəaliyyət göstərməyi əmr edib”, – deyə şeyxülislam Allahşükür Paşazadə bildirdi. Şeyxülislam bu konfransın nəticələrinin hamı üçün – hər iki tərəf və hər iki sivilizasiya üçün olduqca mühüm və yaxşı olduğunu diqqətə çatdırdı. QMİ sədri sivilizasiyalararası dialoqa əməli töhfələr verən İspaniya dövlətinə və hökumətinə bu tədbirə verdiyi dəyərə görə təşəkkür etdi.

İsrailin keçmiş naziri Dalia İtzik: Dünyada sülhün təmin edilməsi hər birimizin borcudur

İsrailin keçmiş naziri Dalia İtzik isə bildirdi ki, dünyada sülhün təmin edilməsi hər birimizin borcudur. Bu baxımdan, bütün insanlar əl-ələ verməli, birgə çalışmalıdırlar.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına məktubu oxundu. Məktubu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov oxudu. Məktubda deyilir ki, mədəniyyətlər və dinlər arasında dialoq dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında bu sahədə ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyətinə bərabər şəraitin yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer tutur. Azərbaycan tarixən fərqli sivilizasiyaların qovuşuğunda oynadığı mənəvi körpü rolunu bu gün də uğurla həyata keçirir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bununla bağlı çoxsaylı qlobal təşəbbüslər irəli sürür, müntəzəm olaraq Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlar təşkil edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və Dünya Dinləri Liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini göstərir. Dövlətimizin başçısı əmin olduğunu bildirir ki, ənənəvi xarakter almış Madrid beynəlxalq konfransında aparılan müzakirələr və irəli sürülən səmərəli təkliflər dünyada dinlərarası dialoqun təşviqinə, sülhə və qarşılıqlı anlaşmaya dəyərli töhfələr verəcək.

Sonra İspaniyanın Kralı VI Felipenin konfrans iştirakçılarına məktubu oxundu, konfransın yekun Bəyannaməsi qəbul edildi.

İslam Həmrəyliyi ideyası bütün dinlər arasında dialoqun təşviqinə xidmət edir

Şübhəsiz ki, dinlərarası dialoq sülh və qarşılıqlı anlaşmanı təmin edən mühüm vasitədir. Qeyd etdiyimiz kimi, Azərbaycan bu istiqamətdə çox mühüm təşəbbüslər irəli sürür. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ölkəmizin dinlərarası dialoqun təşviq və təmin olunmasına xidmət edən belə təşəbbüslərindən biridir. Bu həm ölkəmizin daxili auditoriyasına, həm də dünya ictimaiyyətinə ciddi bir çağırışdır. İslam Həmrəyliyi təkcə müsəlman ölkələri üçün deyil, həm də beynəlxalq münasibətlər sistemində gərginliyin azaldılması üçün vacibdir. Çünki İslam Həmrəyliyi ideyası özündə sülh, sabitlik və tərəqqi kimi mütərəqqi dəyərləri ehtiva edir. İslam həmrəyliyi təşəbbüsü fərqli dini icmalar tərəfindən rəğbətlə qarşılanmaqla sivilizasiyaların dialoqunu təmin edən vasitə kimi qəbul edilir. İslam həmrəyliyi təşəbbüsünün əsasında heç bir dini və məzhəb ayrı-seçkiliyinə yol verilməməsi, fərqli dini icmaların sülh, sabitlik, tərəqqi və həmrəyliyə xidmət edən mövqedən çıxış etmələrinin zəruriliyi kimi müsbət dəyərlər dayanır.

Mühüm məqamlardan biri budur ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi xarakter daşımayıb. Çünki bu gün ölkəmizdə İslam həmrəyliyi tam bərqərar olub. Prezident İlham Əliyev cari il oktyabrın 25-26-da Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda bu məqamlara toxunaraq deyib: “2017-ci ili isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik”.

Bunlarla yanaşı, Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilat fəaliyyət göstərir. Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır.

Sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanda bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib. Dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparılır. İslamofobiya meyillərinə qarşı qətiyyətli mövqeyi və mübarizəsi ilə seçilən Azərbaycan İslam həmrəyliyinin təbliğ və təşviq olunmasında mühüm rol oynayır.

Bütövlükdə, ölkəmiz dini zəmində sabitliyin hökm sürməsi, fərqli dini dünyagörüşünə sahib olan qrupların əmin-amanlıq və sülh şəraitində yaşaması ilə fərqlənir. Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayıblar və bu gün də bu reallıq müşahidə edilir. İslam Həmrəyliyi ideyası da bu reallıqlara söykənir, bütün dinlər arasında dialoqun təşviqinə xidmət edir.

Qədim mədəniyyət mərkəzi Əndəlüs bu gün də sivilizasiyaların mirasını layiqincə qoruyur

“Ey Əndəlüs sakinləri! Nə xoş sizə ki, belə sulara, çaylara, ağaclara və füsunkar çalarlara sahibsiniz. Ölkənizin cənnət bağlarından heç bir fərqi yoxdur. Əgər seçim etmək imkanım olsaydı, bu diyarda qalmağı seçərdim. Sabah cəhənnəmə düşməkdən qorxmayın, çünki bu cənnət nemətlərinin dadını bilənlər oda meyilli olmamışlar”. Təbiət şairi və filosof İbn Haface Əndəlüs vilayətinin parlaq günləri haqqında bu fikirləri öz Divanında qeyd edib.

İspaniyaya səfərimiz çərçivəsində bu ölkənin cənub-qərbində yerləşən Kordoba şəhərinə ziyarət də nəzərdə tutulmuşdu. Səfər təəssüratına keçmədən öncə xatırladım ki, Kordoba tarixi İslam sivilizasiyasının beşiyi olan Əndəlüs vilayətinin ən inkişaf etmiş şəhərlərindən biri olub. Eyni zamanda, Əndəlüs müsəlman mədəniyyətinin paytaxtı kimi tanınır. Filosofların, elm adamlarının və sənətkarların sayəsində Avropanın ən önəmli mədəniyyət mərkəzlərindən birinə çevrilən Kordoba İberiya yarımadasında yerləşir. Romalılar tərəfindən əsası qoyulan Kordoba 1984-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Madriddən Kürütbəyə qədər olan 400 km-lik məsafəni qət edərkən yol boyu gördüklərim insanda İspaniyanın coğrafiyası və mədəniyyəti haqqında zəngin təəssüratlar yaradır. Yolun birinci 200 km-lik hissəsi gözoxşayan üzüm bağlarından, sonrakı 200 km-lik hissəsi isə ucsuz-bucaqsız zeytun bağlarından ibarətdir. Zeytun bağları, az qala, üfüqə qədər uzanır. Bu ölkədə zeytun istehsalı və emalının kütləvi xarakter daşıdığı və nə qədər əhəmiyyətli olduğu diqqəti cəlb edir. İspaniyada istehsal olunan zeytun yağları Azərbaycanda da keyfiyyətli qida vasitəsi kimi olduqca məşhurdur. İspaniya həm də böyük kənd təsərrüfatı ölkəsi hesab edilə bilər. Çünki həm də şərabçılıq məhsulları ilə məşhur olan bu ölkə ən müasir üzümçülük texnologiyasına və sənayesinə malikdir.

Kordobaya çatanda, ilk növbədə, şəhərin qədimliyi bizi valeh etdi. Məlumat üçün bildirim ki, ilkin dövrlərdə Kordoba Roma imperiyasının mühafizə qalalarının yerləşdiyi şəhər olub. Sonrakı mərhələdə 313-cü ildə Romada xristianlıq qəbul edildikdən sonra xristianlıq yeni mədəniyyət gətirib. 711-ci ildə isə müsəlmanlar tərəfindən fəth edilərək 5 əsrə yaxın müsəlmanların idarəçiliyində olub. Bu mərhələdə inkişaf edərək dövrünün ən böyük şəhərlərindən birinə çevrilib. 1236-cı ildə isə yenidən xristianlar tərəfindən işğal edilib. Füsunkar memarlıq abidələri, qədim tarixi və dar küçələri ilə nağıllar diyarını xatırladan bu məkan vaxtilə yəhudilərin, xristianların, müsəlmanların sülh və vəhdət içində yaşadığı bir şəhər olub. Müsəlmanların bu qədim şəhəri tərk etməsindən 700 ilə qədər bir müddətin keçməsinə baxmayaraq, bu tarixi vilayətdə hələ də müsəlman mədəniyyətinin dərin izlərini görmək mümkündür. İslam mədəniyyətinin inkişaf etdiyi dövrdə bu şəhərin əhalisi 250 min nəfərdən ibarət olub, aradan 700 il keçməsinə baxmayaraq, bu say hələ də 300 mindən artıq deyil. Belə demoqrafik vəziyyət isə şəhərin tarixi görünüşünün və qədimliyinin qorunub saxlanılmasına çox böyük töhfə verib.

Tarixə nəzər salanda aydın olur ki, Əndəlüs iqtisadi mərkəz olmaqla yanaşı, həm də mədəni mərkəz olub. Kordoba kitabxanası və universiteti isə bu şəhəri daha da məşhurlaşdırmışdı. Burada təbabət, riyaziyyat, coğrafiya və fəlsəfə elmləri xeyli inkişaf etmişdi. Avropa ölkələri məhz Əndəlüs mədəniyyətinin sayəsində ərəb, yunan və latın mütəfəkkirlərinin bir çox əsərləri ilə tanış olmuşdular. Yüksək təbəqəyə məxsus ziyalıları ilə tanınan məşhur Kordoba vaxtilə Xilafətin elm və mədəniyyət mərkəzi sayılan Bağdad şəhəri ilə rəqabət aparmışdı. Onun şöhrəti bütün Avropaya yayılmışdı, XII əsrdə Kordobanın ən görkəmli filosofu isə İbn Rüşd idi. İbn Rüşd Avropada ən nüfuzlu filosoflar sırasında öz yerini almışdı. XVI əsrin sonuna qədər də onun əsərlərinə əsas qaynaq kimi müraciət edilirdi. Görkəmli filosofun davamçıları sırasında əndəlüslü filosof yəhudi Musa Meymun və İbn Bace mühüm yer tuturdular. Bununla yanaşı, onun əsərlərindən ilham alanlar sırasında Albert Maqnus, Duns Skottus, Spinoza və İmanuel Kant, Kastilya Leon Kralı X.Alfonso, Dante və Frensis Bekon kimi şəxsiyyətlər də var idi.

Səfər zamanı diqqətimizi cəlb edən məqamlardan biri küçələr boyunca sadəcə dekorativ ağacların deyil, portağal ağaclarının da əkilməsi idi. Bu, şəhər bələdiyyəsi üçün ciddi maliyyə qaynaqlarından biri olmaqla yanaşı, şəhərə xüsusi gözəllik də verir. Şəhərin dar, uzun, ancaq tarixi küçələri bir növ bizim İçərişəhərin küçələrinə bənzərliyi ilə diqqəti çəkirdi. Xüsusilə də, yol kənarlarında, parklarda, bağlarda əkilən çinar ağacları diqqəti çəkməklə bizə Gəncənin Xan çinarlarını xatırlatdı. Çox maraqlıdır ki, Kordobanı ikiyə bölən Guadalquivir çayı bəzi müasir paytaxtlarda olduğu kimi daş hasarlarla əhatələnməyib. Çayın geniş yatağı və onun ətrafında olan geniş zolaq qorunub, sağı və solu ilə yollar salınıb, körpü inşa edilib. Bu isə Kordoba şəhərinin gözəlliyinə başqa bir gözəllik qatıb. Buranı seyr edərkən sanki şəhərin ortasında birdən-birə toxunulmamış “bakirə təbiət”in qoynuna düşürsən. Çayın üzərində 2 min il öncə romalılar tərəfindən inşa edilən möhtəşəm körpü bu gün də Kordobanı birləşdirməklə bərabər, mühüm bir tarixi abidə kimi yaşamaqdadır.
Şəhərə çatar-çatmaz bələdçimizin də köməkliyi ilə tarixi obyektlər ilə tanış olduq. Roma körpüsünün şəhər tərəfində olan qurtaracağında Kordoba tarixini əks etdirən çox böyük bir muzey yerləşir. Əks tərəfdə isə Kordoba Kafedral Kilsəsi öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Bələdçimizin verdiyi məlumata görə, kilsə əvvəlcə müdafiə qalası olub. Xristianlıq Avropada qəbul olunduqdan sonra bura kilsəyə çevrilib. Qeyd etdiyimiz kimi, müsəlmanların Kordobanı fəthindən sonra həmin kilsə məscid kimi fəaliyyət göstərib. Belə ki, 785-ci ildə Əndəlüs islam dövlətinin qurucusu xəlifə İ.Əbdürrəhmanın göstərişi ilə ehtişamlı tikili halına gətirilib. 10 metr hündürlüyündə və 1419 ədəd sütunun üzərində bu gün də ərəb memarlarının imzası qalmaqdadır. Hətta onlar xüsusi kolleksiya kimi nümayiş etdirilir. Çox maraqlıdır ki, müsəlmanların məğlubiyyətindən sonra kilsə halına gətirilsə də, bu izlər hələ də qalır. Bu günə qədər canlı qalan naxışlar Şərq memarlıq üslubuna uyğun olan nümunələr və Qurani-Kərimdən yazılar, o cümlədən vaxtilə Qurani-Kərimin saxlanıldığı xüsusi hücrələr belə qorunaraq saxlanılıb. Burada tikilən tağlar və sütunlar Mədinədə olan “Məscidul-Nəbi”ni xatırladır. Müsəlmanlar Avropanı tərk etdikdən sonra abidə yenidən kilsəyə çevrilsə də, oraya daxil olarkən bələdçinin köməyi olmadan belə kilsənin dörd tarixi mərhələni keçdiyini görmək mümkündür. Kilsənin sütunları və divarları xristian və islam mədəniyyətinin və inancının gətirdiyi ornamentlərlə bəzədilibdir. Bəlkə də, Kordoba Kafedral Kilsəsi dünyada məscidin və kilsənin bir yerdə olduğu yeganə tikilidir.

Səfərimizin başlıca məqsədi də elə multikulturalizm, dinlərarası dialoqun inkişaf etdirilməsinə töhfə verməkdən ibarət idi.

Bu tarixi tikili onu göstərir ki, nəinki bir dinin müxtəlif məzhəbləri bir yerdə ibadət edə bilər, hətta fərqli dinlərin mənsubları da eyni bina altında ibadət edə bilərlər. Bu gün Avropada, eləcə də İspaniyada da dərk edirlər ki, dinlər fərqli olsa da, Allah birdir və dinlərarası dialoqa insanların çox böyük ehtiyacı var. Xüsusilə də, Avropada Azərbaycanın təşəbbüsü ilə keçirilən bu cür tədbirlərdən sonra islamofobiya meyillərinin dinlərarası dialoq və tolerantlıq kontekstində nə qədər lüzumsuz olduğunu görmək mümkündür. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Avropanı bürüməyə başlayan islamofobiya nə Avropaya, nə də digər sivilizasiyaya xeyir gətirdi. Bu gün Avropa siyasətçiləri dərk edirlər ki, nicat yalnız əməkdaşlıq, tərəfdaşlıq və dialoqdadır. Azərbaycanın məhz bu istiqamətdə hazır model təklif etməsi təkcə Avropa siyasiləri tərəfindən deyil, eyni zamanda, Avropanın ictimaiyyətinin ayrı-ayrı fərdləri tərəfindən də rəğbətlə qarşılanmaqdadır.

Azərbaycan nümayəndə heyətinin tərkibində həm Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopunun, həm Dağ yəhudiləri icmasının başçısının, həm də Katolik Kilsəsinin Azərbaycandakı yepiskopunun olması ölkəmizdəki dialoq mühitinin Avropaya tanıdılması baxımından da əhəmiyyətli idi. Bütün icma nümayəndələrinin bir arada qardaşcasına, bərabərcəsinə İslam və Xristian mədəniyyətinin bu böyük abidəsini ziyarət etməsi ətrafdakılarda həm təəccüb, həm də heyranlıq doğururdu.
Kordobadan ayrılarkən Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev Azərbaycanın çox məşhur bir bayatısını xatırlatdı:

Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.

Milix Yevdayevin ürəyindən qopan, Vətən həsrətini ifadə edən bu səmimi misralar, əslində, etnik kimliyindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən sevgisinin ümumi ifadəsi kimi səsləndi./yeniazerbaycan/

Hikmət BABAOĞLU
Bakı-Madrid-Kordoba-Bakı

www.yenicag.az

4845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv