“Azərbaycanda hansı kanalda, kimin verilişi necədir, kim hay-küyçüdür, bunu hamı yaxşı bilir”.
Bu sözləri Əməkdar artist, skripka ifaçısı, maestro Ceyhun İsmayılov Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi məlum səbəblərdən, dəvət olunduğu hər verilişə getmədiyini, seçim etdiyini bildirib:
“Hər verilişə getmirəm, seçim edirəm. Məsləhət bildiyim efirə gedirəm, məsləhət bilmədiyimə getmirəm. O verilişdə kimlər olacaq, nədən söhbət gedəcək, bunu qabaqcadan soruşub qərarımı verirəm. Əgər məni efirlərdə az-az görürlərsə, bu o deməkdir ki, məsləhət bildiklərim, bilmədiklərimdən azdır.
Kanal rəhbərləri efirdə o cür qalmaqallı aparıcılardan ibarət, qalmaqallı verilişlər yaradırlarsa, təbii ki o “aşa” uyğun “aşqarası” olacaq. İndi buna görə də çalışırıq ki, səviyyəli verilişlərə çıxaq. Bir də görürsən, hansısa sənət dostumuz verilişə gedib, bilmədən elə tələyə düşür ki, məcburuq, bəzi məqamları öncədən ayarlayaq.
Azərbaycanda hansı kanalda, kimin verilişi necədir, kim hay-küyçüdür, hamı bunu yaxşı bilir. Adamlar var, bilgisayarı da yoxdur, mahnıları telefondan dinləyir, yaxud da axşam ailəsi ilə oturub sevimli sənətkarını görəndə sevinir. Bu zövqü xalqımıza yaşadırıq. Amma efirdə iyrənc, boş-boş söhbətlər olanda, o verilişlərə getmirəm”.
Yaxın günlərdə solo-konsertə hazırlaşan sənətçi “Niyə Azərbaycanda yerli sənətçilər konsertdən qazanc götürə bilmir?” sualını da cavablandırıb:
“Öz qrupumla bərabər Opera Studiyasında solo konsertim olacaq. Azərbaycan xalqının hesabına yaşayırıq, bizi toylarla, müxtəlif tədbirlərdə dolandırır. Konsertdən pul götürməsək də olar. Toyda, məclisdə eşidə bilmədikləri zövqlü musiqiləri məhz konsertdə dinləyirlər. Konsert bunun üçündür ki, insanlar konsert abi-havasını yaşasınlar”.
Cəvahir