“Əgər həmin qadın əcnəbi vətəndaş olub, eyni geyimdə gəlsəydi, vətəndaşlar da ona bu cür rəftar etməyəcək, satıcı da xidmətdən imtina etməyəcəkdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər sosial şəbəkələrdə gündəm mövzusuna çevrilən geyim tərzinə görə mağazadan qovulan qadın haqda danışan Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, geyiminə görə mağazadan qovulan qadının məsələsinə bir mənalı yanaşmaq mümkünsüzdür.
“Geyiminə görə mağazadan qovulan qadının məsələsinə bir mənalı yanaşmaq mümkünsüzdür. Çünki sosial şəbəkələrdə bu məsələyə rəy bildirən tərəflərin hərəsinin öz dəyər ölçüsü var. Kimsə buna tolerant, kimisi isə qeyri-tolerant yanaşa bilər. Əlbəttə, hər kəsin özünün geyim seçimi və digər gündəlik həyat tərzi də özünə məxsus olur. Lakin geyimin özü də bir etik göstəricidir. Yəni, geyim qaydası ətrafdakı insanlara hörməti nümayiş etdirməkdir”, – deyə o əlavə edib.
M.Zeynalova qeyd edib ki, digər tərəfdən, vətəndaşa geyiminə görə ayrı seçkilik edib, onu təhqir edərək xidmətdən imtina edilməsi də düzgün deyil:
“Əgər həmin qadın əcnəbi vətəndaş olub eyni geyimdə gəlsəydi, vətəndaşlar da ona bu cür rəftar etməyəcək, satıcı da xidmətdən imtina etməyəcəkdi. Bu hal satıcının müştəriyə qarşı qeyri-adekvat hərəkəti kimi qiymətləndirilə bilər. Bu halda müştəri satıcını ona qarşı edilən ayrı seçkiliyə görə məhkəməyə vermək hüququ var. Geyimə gəldikdə isə, hesab edirəm ki, geyim zövqü insanlarda düzgün formalaşması əhəmiyyətli məsələdir. İnsanlar açıq-saçıq geyinmədə də olduqca zövqlü və gözəl görünə bilər. Geyim həm də bir mədəniyyət ölçüsüdür”.
İsmayıl Bakuvi