“İstehlakçılar bilmədilər ki, “Qara cümə” istehlakçıların qara cüməsidir, heç də biznes qurumlarının deyil. Bütün dünyada bu məsələ istehlakçıların beyninə yerləşdirilmiş marketoloqların bir fırıldağı və aldatmasıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Mütəxəssis “Qara cümə” ilə bağlı istehlakçıların aldadılması məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, bütün dünyada bu problem yaşanır:
“Bilməliyik ki, “Qara cümə”də geri qaytarılmış, xarab olmuş, standartlara uyğun olmayan mallar əhaliyə sırınır və əksər hallarda saxta endirimlər olur. Baxmayaraq ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə malların üzərində maddi məhsul şəxsin imzası olan qiymət sənədi olmalıdır və üstəlik, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə istehlakçının hüququ var ki, malın istənilən sənədlərini tələb etsin, onun əvvəlki qiymətini öyrənsin”.
“Lakin təəssüflər olsun ki, Azərbaycanda satılan malların təxminən 95%-nin satış şəbəkəsinin heç bir qiymət sənədi yoxdur. Xüsusən, Azərbaycanda “Qaraca cümə” günü xüsusi istehlakçının aldadılması ilə müşahidə olunur. “Qara cümə” günündən sonra istehlakçıların Azad İstehlakçılar Birliyinə şikayətləri daxil olur. Onlar standartlara uyğun olmayan malın satıldığını bildirirlər. Belə hallarda istehlakçılar müraciət etdikdə isə onlara deyirlər ki, məhsul “Qara cümə” günü satılıb, ona görə də geri götürmürük. Bu da qanuna ziddir”, – o, əlavə edib.
“Qanunda istehlakçı hansısa bir kampaniyada mal alsa belə, kassa çeki olmaq şərti ilə malı dəyişmək və qaytarmaq hüququ 14 gün müddətində var. Bütün hallarda “Qara cümə”də istehlakçılar ajiotaja uymasınlar, aldıqları malın mütləq kassa çekini, mürəkkəb texniki vasitələr alırlarsa, zəmanət talonunu götürsünlər, uzun müddət onu saxlasınlar. Əgər istehlakçı hüquqları pozularsa, 195 qaynar telefon xətti ilə İqtisadiyyat Nazirliyinin uyğun şöbəsinə məlumat vermələrini tövsiyə edirəm”, – deyə E. Hüseynov fikirlərini tamamlayıb.
Rafi Müslümov