Magistrantlar üçün YENİ İXTİSASLAR: “Əmək bazarında onlara yüksək tələbat olacaq” – Ekspertdən QİYMƏTLƏNDİRMƏ

“Ali məktəblərdə yeni ixtisasların yaradılması kadr çatışmazlığının qarşısını alacaq”.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, növbəti ildən etibarən, “Sabah qrupları”nın magistratura səviyyəsində 7 yeni ixtisas tədris olunacaq. Bu sıraya kibertəhlükəsizlik, İT, kompüter elmləri, şəhərsalma və planlaşdırma ixtisasları daxildir.

Ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında yeni daxil edilən ixtisasların qeyd olunan sahələr üzrə təhsil sistemimizdəki kadr potensialı ilə bağlı vəziyyəti dəyərləndirib.

Ekspertin fikrincə, indiki vəziyyətdə tədrisi nəzərdə tutulan ixtisaslarla bağlı ölkədə kadr çatışmazlığı müşahidə olunur. Bu baxımdan, həmin ixtisasların tədrisi məqsədəuyğundur:

“Mövcud şəraitdə ölkədə, xüsusilə, kibertəhlükəsizlik sahəsində çatışmazlıqlar var və bunun əziyyətini çəkirik. Buna görə də ötən il bəzi ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi ixtisası yaradılıb.

Digər tərəfdən, “Sabah qrupları”nın magistratura səviyyəsinə salınan ixtisaslar dövrün tələbi olmaqla yanaşı, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə kadr çatışmazlığının qarşısını almaq üçün atılmış bir addımdır.

“Sabah qrupları”nda təhsil alan şəxslər üçün bu cür şəraitin yaradılması onların gələcək karyerasına müsbət təsir edəcək. Bununla yanaşı, əmək bazarında bu ixtisasa yiyələnən kadrlara tələbat da artacaq”.

Gülşən Şərif