Magistraturada qiyabi təhsil və axşam növbələri: “Bu, tələbələrin öz ixtiyarına buraxılmalıdır”

“Magistratura təhsil səviyyəsində təhsil alanlar ən azı bakalavrı bitirmiş, 30-40 yaşı olan şəxslər də olduğuna görə, belə hallar nəzərə alınmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında magistr təhsil səviyyəsində bəzi ixtisaslarda qiyabi təhsilin vacibliyi və axşam növbələrinin mümkünlüyü barədə danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, magistr təhsil səviyyəsinin əyani olması yaxşıdır, amma burada bir neçə məqam var.

“Əgər hər hansı bir şəxs tutaq ki, jurnalistika ixtisasının bakalavr təhsil səviyyəsini bitiribsə, onun üçün magistr təhsil səviyyəsində həmin ixstisası əyani oxumaq vacibdirmi? Əslində, xeyr. Belə hallarda tələbə nəzərə alınmalıdır. Məsələn, kimsə fizika ixtisasını bitiribsə və magistr səviyyəsində jurnalistika ixtisasını seçirsə, həmin tələbə əyani oxumalıdır. Bakalavrda jurnalistika ixtisasını bitirən şəxs magistraturada həmin ixtisasda niyə əyani oxumalıdır? Yəni, bəzi ixtisaslarda bu hallar nəzərə alınmaqla güzəştlərin olması vacibdir”, – deyə o bildirib.

R.Fikrətoğlu magistr təhsil səviyyəsində axşam növbəsinin mümkünlüyündən də bəhs edib:

“Magistr təhsil səviyyəsi üzrə oxuyanlar üçün bəzi ixtisaslarda axşam növbəsi mövcuddur. Məsələn, Azərbaycan Neft və Sənaye Universitetində bu hal var. Yəni, tələbələr axşam növbəsində dərsə gedir. Düşünürəm ki, növbə məsələsi tələbələrin öz ixtiyarına buraxılmalıdır. Bu daha çox axşam növbəsinə verilməlidir. Magistratura təhsil səviyyəsində təhsil alanlar ən azı bakalavrı bitirmiş, 30-40 yaşı olan şəxslər də olduğuna görə, belə hallar nəzərə alınmalıdır. Digər tərəfdən, bölgələrdə yerləşən ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər də var ki, onlar da nəzərə alınmalıdır. Bundan başqa, magistraturada axşam növbələrinin mövcud olması işləyən insanlara da yardımçı olacaq. Bunu həyata keçirmək əslində, mümkündür. Bunu resurs, şərait, imkan da var. Təki bunu universitetlər qəbul etsin”.

İsmayıl Bakuvi

COP29