“Magistraturada təhsil haqqı iki dəfə azaldılmalıdır” – Kamran Əsədov

“İxtisas imtahanı olmadan qəbul edilmiş magistr keyfiyyətli kadr ola bilməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında magistraturaya qəbul qaydalarının mürəkkəbliyinə və bu pillədə təhsil haqqının yüksək olmasına münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin fikrincə, bu gün təhsildəki ümumi problemlərdən daha vacib olan məsələ təhsilin bir pilləsindən digərinə keçidi tənzimləyən qəbul imtahanlarıdır. Ona görə də qəbul imtahanlarının sadələşdirilməsinə ehtiyac var:

“Qəbul imtahanlarının sadələşdirilməsi yönündə artıq işlərə başlanılıb. Ancaq bu hazırlıq hansısa bir otaqda kiçik heyətlə həyata keçirilməməlidir. Çünki həyata keçirilən qəbul imtahanlarında nəyin necə yoxlanıldığı geniş müzakirə olunmalıdır.

Hazırda magistr imtahanlarının sadələşdirilməsi imkanları nəzərdən keçirilir. Xüsusilə, imtahanın ikinci mərhələsinin, ixtisas bilgilərinin yoxlanılması hissəsinin ləğv edilməsi təklif edilir. Məncə, bu yanaşma vəziyyətə adekvat deyil”.

Kamran Əsədova görə, insanlarda ali təhsil müəssisələrinin magistraturasına marağı artırmaq üçün ilk növbədə bu pillədə təhsil haqları 50 faiz aşağı salınmalıdır:

“Magistr imtahanlarının sadələşdirilməsinin səbəbi son 3 illə müqayisədə bu pilləyə qəbul olmaq istəyənlərin sayının 50 faiz azalmasıdır. Nəticədə universitetlərin plan yeri boş qalıb. Lakin ixtisas imtahanı olmadan qəbul edilmiş magistr keyfiyyətli kadr ola bilməz.

Magistr təhsilinin məzmunu dəyişməli və keyfiyyəti artırılmalıdır. Magistrlərə təhsil aldığı müddətdə işləməyə icazə verilməlidir. Gənclərimizin xarici ölkələrdə magistr təhsili almağa sövq edən əsas amil məhz budur”.

Kamran Əsədov imtahan modeli ilə bağlı təklif irəli sürüb və bildirib ki, magistraturaya qəbul imtahanları müxtəlif formalarda təşkil oluna bilər:

“a) I mərhələdə – məntiq – 25 test (ixtisasa yaxın məntiq), xarici dil -25 test, ixtisas – 50 test. b) I mərhələdə – xarici dil (oxuma, yazma, danışma), məntiq –test, ixtisas test c) I mərhələ -xarici dil, ixtisas. Bütün hallarda ixtisas üzrə test tapşırığı və imtahan olmalıdır.

Yalnız məntiq, informatika və xarici dil ilə magistr seçimi etmək absurddur. Məqsəd həqiqətən, imtahanları sadələşdirilməkdirsə, abituriyentlər Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan nəticələri əsasında ixtisas seçimi edə bilməlidir”.

Gülşən Şərif