Magistraturaya ixtisas seçiminin yubanan NƏTİCƏLƏRİ: “Çağırışçılar narahat olmasınlar” – Ekspertin ŞƏRHİ
“Dövlət İmtahan Mərkəzi humanist yanaşma sərgiləyərək, bakalavrlara üç gün əlavə vaxt verdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında magistraturaya ixtisaslaşma seçimi vaxtının uzadılmasına təsir edən amilləri dəyərləndirən təhsil eksperti Elçin Əfəndi deyib.
Elçin Əfəndinin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) hazırda gərgin iş rejimi ilə çalışır. Bütün növ imtahanların keçirilməsi, nəticələrin analizi və başqa məsələlərin həlli əlavə vaxt tələb edir:
“Magistraturaya ixtisas seçimi üzrə ərizələrin təsdiqi iyunun 18-də başa çatmalı idi. Təəssüf ki, bəzi bakalavrlar ixtisas seçimlərini təsdiqləməmişdilər. Məhz onları nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi humanist yanaşma sərgilədi və üç gün əlavə vaxt verdi ki, həmin bakalavrlar sənədlərini təsdiq edə bilsinlər.
Beləliklə, iyunun 21-də başa çatmış ixtisas seçimi təsdiqinə əsasən, Azərbaycan bölməsi üzrə 10 min 549, rus bölməsi üzrə 831, ümumilikdə isə 11 min 380 nəfər ixtisas seçimini təsdiq edib. Magistraturaya ixtisas seçiminin təsdiqi iyunun 21-i saat 23:59:59-da başa çatıb. Nəticələrin bu həftə ərzində elan olunması nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, ölkənin böyük şəhərlərində və bəzi rayonlarda 21 iyun – 5 iyul aralığında sərt karantin rejiminin tətbiqi nəticələrin açıqlanmasını bir qədər ləngidir:
“Nəticələrin elan olunmasının yubanması bakalavrları narahat etməməlidir. Nəticələr bu gün və ya iki gün sonra elan oluna bilər. Eyni zamanda, çağırışçı tələbələr də hərbi komissarlıqla bağlı narahatçılıq keçirməsinlər. Çünki nəticələr çağırışa qədər elan olunacaq”.
Gülşən Şərif