Magistraturaya qəbul imtahanında DƏYİŞİKLİK: “Bu səviyyədə ingilis dili bilən şəxslər niyə Azərbaycanda..?”
“B1 səviyyəsində ingilis dili bilən tələbə niyə Azərbaycanda təhsil almaq istəsin?”
Bu fikirləri Azərbaycanda magistr pilləsinə qəbul olmaq üçün bakalavrların xarici dil imtahanında ayrıca esse yazması barədə danışan təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, xarici dil ilə bağlı esse tələbi tələbə üçün əlavə yükdür:
“İlk növbədə, qeyd edim ki, 2024-cü ildə magistr pilləsi üzrə qəbul imtahanının 1-ci cəhdində iştirak etmək üçün 19 mindən çox bakalavr elektron ərizəsini təsdiq edib. Bu il magistr pilləsinə qəbul olanların sayında artım müşahidə olunacaq. Həmçinin imtahanın formatında bir neçə dəyişiklik edilib. Son dəyişiklikləri təhlil etsək, onları o qədər də yüksək qiymətləndirmək olmaz. Builki dəyişikliklərdən biri də bu günə qədər xarici dil üzrə imtahanda yalnız yazı, dinləmə bacarığı yoxlanılırdısa, artıq esse ilə fərqli yazı bacarıqları yoxlanılacaq.
Fikrimcə, bu, düzgün qərar deyil. Ona görə ki ali təhsil müəssisələrimizdə nəinki ingilis dili, Azərbaycan dilində belə esse yazı bacarıqları formalaşdırılmayıb. Məhz bu imtahanda xarici dil B1 səviyyəsində tələb olunur ki, bu səviyyədə ingilis dili bilən şəxslər niyə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq istəsinlər ki?
Hesab edirəm ki, xarici dil ilə bağlı tələblər kifayət qədər ağır və çətindir. Bizim tələbələrimiz məktəb illərində, bakalavr səviyyəsində ingilis dilini belə mükəmməl öyrənməyiblər. Magistr pilləsində elə ixtisaslaşmalar var ki, o sahələrdə təhsil alacaq tələbələrə B1 səviyyəsində ingilis dili bilmək heç vaxt lazım olmayacaq.
Azərbaycanda magistraturaya qəbul üçün keçirilən imtahanlar dünyanın ən çətin imtahanlarından biridir. Hesab edirəm, imtahanlar sadələşdirilməlidir. 4-cü kursda tələbələr diplom işi, dövlət imtahanı hazırlığı kimi öhdəlikləri yerinə yetirməyə çalışarkən, eyni zamanda, magistr imtahanına da hazırlaşmağa çalışırlar. Fikrimcə, son dəyişiklər tələbələr üçün əlavə yükdür”.
İsmayıl Bakuvi