Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT Təhlükəsizlik Şurasının iclasında verdiyi açıqlamada Fələstin prezidenti Mahmud Abbasın Fələstin rəhbərliyinin Qəzzaya getmək niyyətini açıqladığını və dünyanın müxtəlif ölkələrindən liderləri ona qoşulmağa və bu təşəbbüsü dəstəkləməyə çağırdığını bildirib..
Yenicag.az xəbər verir ki, BMT-nin rəsmi saytının məlumatına görə, Riyad Mənsur bunu Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclası zamanı deyib.
Mənsur Təhlükəsizlik Şurasını Qəzzadakı insanların yaşadığı dəhşəti görmək üçün Qəzza zolağına səfərdə iştirak etməyə çağırıb.
Mənsur həmçinin Şura üzvlərini prezident Mahmud Abbasın Qəzza zolağına səfərini dəstəkləməyə, “soyqırımı dayandırmaq üçün təcili tədbirlər görməyə” çağırıb.
“Atəşkəs 2735 saylı qətnamənin şərtlərinə uyğun olaraq və qətnamənin ruhuna və hərfinə zidd olan və açıq şəkildə atəşkəsə nail olmaq səylərinə mane olmaq məqsədi daşıyan əlavə şərtlər və qeyri-səmimi tələblər olmadan dərhal həyata keçirilməlidir”, – deyə Mənsur bildirib.
Qeyd edək ki, Mahmud Abbas özünün və Fələstin administrasiyasının digər üzvlərinin Qəzzaya getmək niyyətini açıqlayıb və imzaladığı qərarla səfərə hazırlıq üçün bir komitənin yaradılmasını istəyib.
Nəsimi Ələsgərli