Sabiq nazir və Akif Çovdarov Xəzər rayonunda yüzlərlə daşınmaz əmlaka necə sahib olublar?
Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra adı çəkilən qurumda aparılan təmizləmə əməliyyatı ölkədə şok effekti yaratdı. Mətbuatda adı “MTN işi” kimi hallanan təmizləmə əməliyyatında indiyə kimi xeyli sayda general, polkovnik və yüksək rütbəli zabitlər həbs olunub. Haqqlarında vəzifəslərindən sui-istifadə etmək, soyğunçuluq, dövlət əmlakını ələ keçirtmək, şantaj, reketçilik, adam oğurluğu və sair maddələrlə təqsirləndirliən sabiq MTN rəhbərlərinin hələ də əlaqədə olduqları və yaxud da cinayətə sürüklədikləri bir çox adamlar etdikləri cinayət tərkibli əməllərin cəzasını çəkmirlər. Halbuki həmin adamların fəaliyyəti nəticəsində minlərlə insanların hüquqları tapdanılıb, onların mülkiyyətlərinə əl qoyub, özləri isə fiziki və mənəvi ziyanlara məruz qalıblar.
Qeyd edək ki, “MTN işi” araşdırması Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə bərabər Vergilər nazirliyinədə sıçradı və bu qururmlarda xeyli şəxslər həbs olunmaqla bərabər vəzifələrindən uzaqlaşdırıldı. Halbuki “MTN işi” tək bu qurumlarla əhatələnməyib. AzMedi.info-ya daxil olan məlumata görə həbs olunan MTN generalları və idarə rəisləri ilə əlbir olan bəzi icra başçısı, bələdiyyə sədrləri və digər nazirliklərdə işləyən yüksək vəzifəli şəxslər olub. Həmin şəxslər müxtəlif yollarla MTN generalları ilə əlaqələrini gizlətməyə çalışırlar. Eyni zamanda minlərlə, bəlkədə on minlərlə insana dəyən zərərlər kompensasiya olunmur, onların qanunsuz halda mənimsənilən mülkiyyətləri geri verilmir.
Eldar Mahmudovun kurasiyasıda olan icra başçısı
Saytımıza daxil olan məlumata görə, MTN generaları ilə sıx əlaqədə olan və uzun illər boyunca qarşılıqlı mənffətə əsaslanan icra başçılarından biridə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovdur. Gülağa İslamovun sabiq MTN naziri Eldar Mahmudovla yaxın münasibətlərinin olduğu və Xəzər rayonunda Eldar Mahmudovla, Akif Çovdarovla və onların yaxınları ilə sıx əlaqədə çalışması bir çoxları üçün sirr deyil. Çünki Gülağa İslamov həmişə Eldar Mahmudov və Akif Çovdarovla isti münasibətlərini önə çıxararaq özü üçün toxunulmazlıq immuniteti yaradaraq bu isti münasibətlərdən maksimum şəkildə hərtərəfli yararlanmağa çalışıb.
AzMedia.info-ya bilgi verən mənbənin iddiasına görə Xəzər rayonu bir vaxtlar tamamıilə Eldar Mahmuoduvun nəzarətində olub. Rayon icra başçısı Gülağa İslamovun təyinatında da məhz Eldar Mahmudovun rolunun olduğu deyilir. Belə ki, Gülağa İslamov vaxtı ilə “Gülçülük” sovxozunun direktoru olduğu dövrlərdə sabiq nazirlə çox yaxın münasibətlərə malik olub. Eldar Mahmudov MTN naziri təyin olunduqdan bir il sonra, 2005-ci ildə Gülağa İslamov Xəzər rayon icra başçısı təyin edilib. Onun təyinatını isə birbaşa Eldar Mahmudovun təqdimatı ilə həyata keçirildiyi qeyd olunur. Yəni Gülağa İslamov Eldar Mahmudovun birbaşa kurasiyasında olub və bütün fəaliyyətini məhz sabiq MTN rəhbərinin direktiv və tapşırıqları əsasında qurub.
İnformasiya mənbəmiz iddia edir ki, həbs olunan generalların və sabiq nazirin bu rayonda hektarlarla torpaq sahələri, onlarla iri obyektləri və çoxlu sayda mülkləri var. Bu mülklər isə məhz Gülağa İslamovun vasitəsi ilə əldə olunub. Bu zaman isə yüzlərlə insan haqqsızlığa və qanunsuzluğa məruz qalıb. Çünki insanların torpaq sahələri əlindən alınıb, mülkləri sökülüb. Bu zaman isə onlara heç bir kompensasiya verilməyib. Səsini çıxarıb etiraz edən insanlar isə MTN-nin «podvalı» ilə hədələnib. Təbii ki, ağlı başında olan heç kəs MTN-nin «podvalı»na düşmək istəməzdi və vətəndaşlar səsiz-səmirsiz zorakığa qarşı susmağa məhkum idilər. Belə vətəndaşların sayı isə Xəzər rayonunda yüzlərlə olub. Onlar sadəcə Eldar Mahmudovun adından danışan icra başçısının qarşısında səslərini çıxara bilməyib və öz mülklərini Gülağa İslamova veriblər.
Qeyd edək ki, Bakının 11 rayonu arasında sabiq MTN nazirinin və generallarının mal mülklərinin çox hissəsinin Xəzər rayonunda olması isə məhz icra başçısı ilə Eldar Mahmudov əlaqələrinin ən yüksək olmasından xəbər verir. Onu da qeyd edək ki, uzun illəçr boyu Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov haqqında mətbuatda yazı yazılmasına qeyri-rəsmi qadağa olub. Bu qadağanı isə mətbuata Akif Çovdarovun, həmçinin İlqar Əliyevin mətbuatdakı adamları çatdırıb. Onların kimliyi isə mətbuat nümayəndələri yaxşı bilirlər.
Eldar Mahmudovun Milli Məclisdəki nümayəndəsi Yasamaldan seçiləcəkdi
Məlumatlı mənbəmiz qeyd edir ki, 2014-cü ilin yanvar ayında Xəzər rayon icra başçısının müavini təyin olunan Lalə Əhmədova da Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılmışdı. Lakin Eldar Mahmudov 17 oktaybrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər dolaşdı.
İnformasiya mənbəmiz bildirir ki, Lalə Əhmədovanın Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilməsində bacısı, Xəzər rayon Mərdəkan qəsəbəsi bələdiyyə sədrinin müavini Jalə Əhmədovanın xüsusi rolu olub. Daha doğrusu basısının başçı müavini olmasını, daha sonra isə deputat mandatı almağın bir addımlığında olmasını Jalə Əhmədova təşkil edib.
Jalə Əhmədova və Mərdəkan Bələdiyyə sədri Mirbaba Hüseynovun Eldar Mahmudovun «komandasında» önəmli şəxslər olduqları qeyd olunur. Neçə illərdir ki, adı çəkilən qəsəbənin bələdiyyəsini əllərində saxlayan bu şəxslərin havadarlarının məhz Eldar Mahmudov olduğu deyilir. Bu barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Hələlik isə onu bildirək ki, Eldar Mahmudovla Əhmədova bacılarının arasında olan iş birliyi bacıların Xəzər rayonunda bir çox cinayət xarakterli əməllərə yol verməsinə imkanlar açıb.
Vəkilin açıdığı sandıq Xəzər rayonunda baş verən talanın ancaq bir hissəsidir
Bildirək ki, bir müddət öncə Xəzər rayon icra başçısı və həmin rayondakı bələdiyyə sədrlərinin sabiq MTN naziri və ətrafı ilə sıx əlaqədə olmasını tanınmış vəkil Ramiz Zeynalov “Yeni Müsavat” qəzetinə göndərdiyi irihəcmli məktubunda açıq şəkilədə faktlarnan qeyd etmişdi. Qeyd edək ki, vəkil Ramiz Zeynalov MTN rəhbərliyi, orada təmsil olunan nazirlərin mal varlıqları ilə bağlı ilginc faktlar var.
Vəkil Ramiz Zeynalovun Xəzər rayon icra başçısı Gülağa İslamovun və bələdiyyə sədrlərinin Eldar Mahmudovla, sabiq idarə rəisi hazırda həbs olunan Akif Çovdarovla əlaqləri barədə mətbuata göndərdiyi məktubu oxucularımıza təqdim edirik.
Ramiz Zeynalov bildirir ki, aşağıda oxuyacaqlarınız onun uzunmüddətli araşdırmalarının nəticəsidir və yazdıqlarına görə də cavabdehlik daşıyır. Vəkil müraciətini belə başlayır ki, icra başçıları torpaq sahələrini MTN-in sabiq rəhbəri və onun quldur dəstəsinə, “Azİmport” MMC-nin əsl sahibi və şərikləri Azər Əsgərova, onun erməni əsilli qohumu Rəşad Məmmədov və sonuncunun atası Rəfayel Lətif oğlu Məmmədovun adına niyə və necə bagışlayıb?
Vəkil yazıb ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanuna zidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb. Vəkil müraciətinə Mərdəkan Dendrarisinin tarixi, əhəmiyyəti, orfdakı bitki aləmi barədə ensiklopedik məlumatları da əlavə edib. Bu məlumatlardan biri kimi Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan 141 növ ağac növündən 69-nun bu bağda yerləşdirilməsi da qeyd olunub: “…Dövlət mülkiyyəti barədə anlayışı belə olmayan başçı G.İslamov Dendrari parkının 2 hektar və ona bitişik Kurortlatlar Şurasına məxsus “Abşeron sanatoriyası”nın 3 hektar torpaq sahələrini (cəmi 5 hektar) ata malı kimi hələ Şüvəlan gülcülük sovxozunun direktoru işlədiyi dövrdən dostluq etdiyi, aylıq haqq verdiyi Eldar Mahmudova ev tikmək üçün qanunazidd sərəncamla verib.
Eldar Mahmudov həmin torpaq sahəsində 4-mərtəbəli, hər mərtəbəsi təxminən 1000 kv.metr, damında vertolyot meydançası olan mülk və arxası Xəzər Rayon Polis İdarəsinin inzibati binasına baxan, uzunluğu təxminən 100 metr olan 2-mərtəbəli, damı bağlanmış ikinci bir mülk inşa edib. Üstü vertolyot meydançası olan 4-mərtəbəli mülkün inşası hələ tamamlanmayıb və hazırda dayandırılıb”.
Ramiz Zeynalov icra başçısının E.Mahmudova jestlərinin bununla yekunlaşmadığını yazıb və iri bir siyahını da müraciətinə əlavə edib:
- 2007-ci ildə E.Mahmudovun sahibi oldugu “Kaspian Petrol” firmasına Pirallahı qəsəbəsində yerləşən Olimpiya kompleksinin yanında hasara alınmış 10 hektar torpaq sahəsi;
- 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib;
- 2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir.
“Qala bazar” restoranı
- 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizağa Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov və komitənin əməkdaşı Yusif Qəmbərov tərəfindən sahibi və əmək kollektivinin xəbəri olmadan, razılıqları belə alınmadan gizli, Xəzər RİHB Gülaga İslamovun sərəncamı ilə E.Mahmudova verilib. Həmin YDS ətrafında olan 2 ( iki) hektar torpaq sahəsi ilə birlikdə sonuncunun adına özəlləşdirilib.
- 2015-in may ayında “Azİmport” MMC-nin sahiblərindən biri, Bayraq meydanının rəisi olmuş Rəşad Məmmədov DİN əməkdaşları tərəfindən həbs edildikdən dərhal sonra Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb.
Zavod və dənizin içində körpü…
R.Zeynalov müraciətində Zirə qəsəbəsində eks-nazirə və onun məmurlarına hədiyyə edilən obyektləri də sıralayıb.
Zirə qəsəbəsi:
- G.İslamov 2013-cü ildə Zirə qəsəbəsində – qoruğa gedən yolda 15 hektar torpaq sahəsini qanunsuz sərəncamı ilə “TV Musa ləqəbli” Musa Süleymanova verib. Həmin sahədə mənimsənilmiş pul hesabına zavod inşa edilib və dənizin içinə körpü salınıb.
- A.Covdarova isə Zirə qəsəbəsində 10 hektar torpaq sahəsi ayrılıb. Vəkil iddia edir ki, bu torpaq sahəsi Xəzər RİH başçısı tərəfindən 2011-2012-ci illərdə ayrılıb, hasarı isə icra başçısının tapşırığı ilə Zirənin bələdiyyə sədri Firuz Rzayevin hesabına çəkdirilib.
R.Zeynalov müraciətində həmçinin qeyd edir ki, 2004-cü ildən 2011-ci ilə qədər MTN-in Xəzər rayon şöbəsinin rəisi vəzifəsində sabiq nazir E.Mahmudova ən yaxın adamlardan biri olan nardaranlı Həsən Ağayev, 2011-2014-ün noyabrına qədər Xəzər, həmin ildən indiyə qədər isə MTN-in Binəqədi rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunan soyadı məlum olmayan Rafiq adlı şəxs, ondan sonra isə sabiq nazir və Akif Çovdarovun yaxın adamı Fərhad adlı şəxs təyin edilib. Vəkilin yazdığına görə, bu şəxslərin hər biri vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək qanunsuz sərəncamlar əsasında torpaq sahələrinə yiyələniblər.
Müraciət aşağıdakı iddialarla davam edir: “Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, “Avtomobilist” pioner düşərgəsinin arxasında yerləşən 2 hektar torpaq sahəsi olan uşaq bağçası qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov tərəfindən özəlləşdirilib və 3 yerə bölünərək-MTN-in Antiterror Mərkəzinin rəhbəri general Teymur Quliyev, onun müavini Elçin Əliyev və hazırda MTN-in Binəqədi rayon şöbəsinin rəisi Rafiq adlı şəxsin mülkiyyətinə verilib. Görəsən, onları Rafiq Cəlilovla hansı tellər bağlayır?”
Vəkilin siyahısında digər ilginc faktlar da var. R.Zeynalov yazıb ki, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş, bir müddət öncə intihar edən İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib, ƏMDK-nın müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb.
Siyahıda Şağan qəsəbəsindəki obyekt də yer alıb.
“Xan Çinar” restoranı
Olimpiya kompleksinin yanında inşa edilən “Xan Çinar” restoranı icra başçısı G.İslamov tərəfindən MTN-in qadın generalının oğlu Eldara hədiyyə edilib. Tikintinin torpaq sahəsi əvvəl Xəzər RİH-in ərazi idarəetmə şöbəsinin rəisi İbrahim Mustafayevin qaynının adına sənədləşdirib. Restoran İH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev tərəfindən inşa edilib.
R.Zeynalov yazıb ki, Türkan qəsəbəsi üzrə İH nümayəndəsi Rahil Babayev də bu “hədiyyəvermə” əməliyyatında iştirak edib. Belə ki, o, MTN-in 2004-cü ildən bu günə qədər Xəzər rayon şöbəsinin rəisləri işləmiş aşagıdakı şəxslərə qanunsuz olaraq qəsəbə ərazisindən G.İslamovun göstərişi ilə torpaq sahələri ayırıb:
- Həsən Ağayevə – 50 sot, Rafiqə-24 sot, hazırkı Fərhad adlı rəisə 36 sot.
- 2004-2011-ci illərdə MTN-in Xəzər rayon şöbəsinin rəisi, E.Mahmudovun yaxın adamı, hazırda təqaüddə olan nardaranlı Həsən Ağayevin tələbi üzrə şöbənin bütün əməkdaşlarının hər birinə sənədsiz 10 sot torpaq sahəsi verilib və hasarlanıb.
Müraciətdəki iddialar bununla bitmir. Vəkil yazır ki, Xəzər RİH başçısı olmuş İ. Fərəcovun 10 may 1994-cü il tarixli, 407/15 nömrəli sərəncamı ilə o vaxt Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 11,mənzil 33-də yaşayan, hazırda Bakı şəhəri, Ə. Əzimzadə küçəsi ev 5, mənzil 11-də qeydiyyatı olan müharibə iştirakçısı Abbasov Anar Elman oğluna Mərdəkan qəsəbəsi 5/256 № sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılıb. 1995-ci ildə icra başçısı təyin edilmiş G.İslamov həmin sahəni zəbt edib, Abbasova həmin yerdə ev tikməyə icazə, sərəncam verməyib. İH-in təsərrüfat şöbəsinin rəisi MTN-çi Akif Çovdarovun yaxını olan Elşən Salahov vasitəsilə həmin torpaq sahəsi alış-veriş üçün sərfəli olduğundan – Mərdəkan qəsəbəsinə giriş yolunun solunda “Santral elektrik” mağazasının yanında yerləşməsi ilə əlaqədar sənədləri saxtalaşdırılıb. 2015-ci ilin sentyabr ayında isə artıq təqaüddə olan Həsən Ağayevə 2008-ci il tarixli saxta sərəncamla 200 min manata satıblar. H.Agayev sahəni təcili hasarlamağa başlasa da, MTN-dəki həbslər və A. Abbasovun 21.09. 2015-ci il tarixli Xəzər RPİ-yə ərizəsi əsasında aparılmış yoxlama nəticəsində sahədə tikinti işlərini dayandırılıb.
Vəkil MTN-dəki digər kadrlara verilən hədiyyələri də sıralayıb. R.Zeynalov yazıb ki, 2014-cü ildən MTN Xəzər şöbəsinin rəisi olan Fərhad adlı şəxs sabiq nazirin ən yaxın adamlarından biri olmaqla, əvvəl Şəki şöbəsinin rəisi olub. A.Çovdarovun təklifi ilə Xəzər şöbəsinə təyin edilib. Onu icra hakimiyyəti başçısı G.İslamovla tanış edən, yaxınlaşdıran Xəzər rayon Ağsaqqallar Şurasının sədri A.Çovdarovun ən yaxın adamlarından biri olan Hacı Rövşən Salahovdur: “Onun oğlu Salahov Elşən Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə Akif Çovdarov tərəfindən təyin edilib və onun kadrı olmaqla rayon ərazisində bahalı ev və torpaq alqı-satqıları və sair hallar barədə ona məlumat verib. Akif Çovdarovun quldurluqla həmin şəxslərdən aldığı pulun bir hissəsi onun da payına düşüb. Elşən Salahov əvvəllər “Standart KB”də işləyib, atası Hacı Rövşən Akif Çovdarovun rayon üzrə pul yığanıdır”.
Müraciətin sonrakı hissəsində isə Zirə qəsəbəsindəki kabel zavodunun arxasından Akif Çovdarova 20 hektar torpaq sahəsi ayrılıb, həmin torpaq sahəsində general Covdarovun keçi ferması fəaliyyət göstərir: “”Aktava” aviaşirkətinin adına, faktiki Akif Covdarova 34 hektar torpaq sahəsi ayrılıb. Xəzər rayon İHB 836 nömrəli, verilmə tarixi saxtalaşdırılmış 30.12.2005-ci il tarixli sərəncamı ilə Buzovna- Şüvəlan yolunun sağında 3 hektar torpaq sahəsi Rəşadın atası Məmmədov Rəfail Lətif oğluna verilib. Həmin torpaq sahəsi 10 hektardan ibarət olmaqla, Hafiz Məmmədova məxsus “Baglan LTD”yə məxsusdur və Gülaga İslamov qanunsuz olaraq həmin torpaq sahəsinin 3 hektarını Rəfael Məmmədovun adına köhnə saxta sərəncamla verib. Həmin yolun üstündə keçmiş “Sahil” stansiyasında 50 sot torpaq sahəsi Çovdarovun adına ƏMDK sədr müavini Cəlilov tərəfindən orada mağaza olmaya – olmaya özəlləşdirilib”.
Siyahıda Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəhbərlərinində adı var
Müraciətdə daha sonra Dübəndi bağlar sahəsi də yer alır. Siyahıya diqqət:
- MTN generalı Hilal Əsədova – 10 hektar torpaq; hasar bələdiyyə sədri Firuz Rzayevin hesabına inşa edilib.
- Zirə-Pirallahı yolunun sağında Vidadi Zeynalova və Xəzər rayon telefon qovşagının rəisi Cavidə 8 hektar torpaq sahəsi; parniklər salınıb.
Siyahıda xeyli ilginc adlar var:
1.1999- 2000-ci il tarixli saxta sərəncamla A.Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib: ərazi rabitə naziri Əli Abbasov, Vidadi Zeynalov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov arasında bölünüb.
R.Zeynalovun müraciəti “Azİmport” MMC-nin əməkdaşları və sahiblərinə verilən hədiyyələrin siyahısı ilə yekunlaşır.
- Qala Zeytun Bağlarının sahəsindən – Rəşad Məmmədovun atası Məmmədov Rəfael Lətif oğlunun adına 3 və 8 hektar torpaq sahəsi.
- Qala qəsəbəsi 4 yol ərazisində Rəşad Məmmədov və Azər Əsgərova 10 hektar torpaq sahəsi ayrılıb. Həmin sahədə 4 mülk inşa edilib. Rəşad, Azər və “Azimport” MMC-nin iş icracısı Fazil ücün.(Pia.az)
Yazıda adı keçən bütün şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.