“Fransa prezidenti Emmanuel Makron İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yarandığını bəyan etməklə hörmətsizlik nümayiş etdirib”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Bu, tarixdən xəbərsizliyi və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıdı, lakin təbii ki, onu yaratmadı. BMT 1948-ci il müharibəsində iştirak etməyib, lakin Holokostdan və Vişi rejimindən sağ çıxan insanlar iştirak edib. Sonuncu halda söhbət İkinci Dünya Müharibəsi zamanı alman işğalı dövründə fəaliyyət göstərən Fransanın kollaborsionist hökumətindən gedir. Buna görə də BMT-nin İsrail dövlətini yaratdığını söyləmək tarixin üzücü təhrifidir”, – Netanyahu “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib.
Daha əvvəl “Le Parisien” qəzeti mənbələrə istinadla yazıb ki, Nazirlər Şurasının qapalı iclasında Makron “Netanyahu BMT-nin qətnaməsi əsasında ortaya çıxan yəhudi dövlətinin yaranma şəraitini xatırlamalıdır”, – deyib./unikal