Makrona seçki ŞOKU: Partiyası ilk turda məğlub oldu – Fransa parlamenti ifrat sola keçə bilər

Fransada keçirilən növbədənkənar parlament seçkiləri dünya mediasının gündəminə çevrilib.

Yenicag.az xəbər verir ki, nüfuzlu nəşrlər Emmanuel Makronun rəhbərlik etdiyi “İntibah” Partiyasının ilk turda məğlub olduğunu bildiriblər.

Statistikalar göstərir ki, Fransadakı parlament seçkilərinin ilk turunda Mari Le Penin “Milli Ralli”si 34% səslə lider olub. Jan Luk Melanşonun ifrat solu təmsil edən Fransa üçün Xalq Cəbhəsinə gəldikdə, onlar 28.1% səslə ikinci yerdə qərarlaşıb. Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “İntibah” Partiyası isə 22.1% səslə sonuncu olub.

İlkin nəticələrə əsasən, Le Penin ifrat sağ “Milli Ralli”si Milli Assambleyada 240-270 yer, Melanşonun ifrat sol Xalq Cəbhəsi 180-200 yer, Makronun “İntibah”ı isə cəmi 60-90 yer əldə edib. Lakin bu nəticələrə əsasən, Le Pen konstitusion çoxluğa (289 yer) nail ola bilməyib.

Nüfuzlu “Le Monde” nəşrinin bugünkü manşetində isə Emmanuel Makronun ilk turun nəticələrinə əsasən, ifrat sağ və sola məğlub olduğu qeyd olunub.

Digər bir fransız nəşri olan “Le Figaro” isə seçkilərin ilkin turu ilə bağlı yazır ki, Avropa Birliyinin əsas ideoloji mərkəzi, Avropa Birliyinin əsas iki dövlətindən biri olan Fransada fransızlar ultrasağa səs verdilər. Qəzet yazır ki, ikinci turda vəziyyət dəyişməzsə, Le Penin “Milli Ralli”si hökuməti ələ keçirə bilər.

“Bu isə Aİ-nin Ukrayna və digər istiqamətlərdə siyasətinə ciddi zərbə vura bilər. Aleksey Duqinin fanatı və Putinin keçmiş dostu Le Pen inamla seçkilərdə liderdir”, – deyə fransız nəşri əlavə edib.

Seçkilərlə bağlı analitik məqaləsində “Politico” isə bildirib ki, Emmanuel Makronun bütün səylərinə baxmayaraq, Le Penin ultrasağ “Milli Ralli”si, ilk turun ilkin nəticələrinə əsasən, liderdir. Nəşrin analitiklərinin fikrincə, bu tarixdə ilk dəfə ifrat sağa hökumət qurmaq imkanı verə bilər. Qəzetin əlavəsinə görə, Fransa hökumətinə ultrasağın gəlişi Avropa Birliyinin gələcək siyasətinə ciddi zərbə ola bilər, çünki Le Pen böyük avroskeptikdir və inteqrasiyaya qarşıdır.

“The Atlantic” isə vurğulayıb ki, hazırkı seçkilər Makron üçün çətin bir vəzifənin başlanğıcı olub.

Nəşrin analitik məqaləsində qeyd olunub ki, əgər o hətta ikinci turda ifrat sağdan hökuməti qorusa belə, Fransa parlamenti ifrat sola keçə bilər.

“Melanşonun liderliyi altında Fransa solçuları NATO-ya elə də isti yanaşmırlar və Avropa Birliyi büdcəsi ilə bağlı bəzi sərt tələbləri var. Bu isə Fransanın iqtisadi durumuna da təsir edə bilər”, – deyə məqalədə qeyd edilir.

Rafi Müslümov

COP29