Makronun SƏRİŞTƏSİZ SİYASƏTİ – “Böyük Manipulyator”un İÇ ÜZÜ

Fransa prezidenti Emmanuel Makronun siyasi karyerası və onun idarəetmə sistemi hakimiyyətə gəldiyi ilk gündən bəri hər zaman mübahisələrə yol açmış, eləcə də dünya mediasının diqqət mərkəzində olmuşdur. Keçənlərdə oxuduğum Mark Endeveldin “Böyük Manipulyator – Emmanuel Makron və onun gizli şəbəkələri” kitabı da məhz Makronun prezidentliyi dövründəki siyasi strategiyaları və çökdüyü yerlərin qaranlıq tərəflərini üzə çıxarır.

Makronun özəl manipulyasiya tərbiyəsi

Endeveldə görə, Makronun siyasi baş götürməsi gizli şəbəkələrə arxalanır. O, siyasi əlaqələri manipulyasiya edərək özünü dövlət idarəetməsinin üst qatına yüksəldə bilmişdir. Xüsusən də prezidentliyə namizədliyi vaxtı “Telegram” kimi məxfi mesajlaşma vasitələrindən istifadə etməsi onun siyasətdəki şəffaflıq prinsipinə zidd davranışını göstərib. Onun ən yaxın çevrəsi belə prezidentin səhvlərini qapatmaq məqsədilə çox vaxt yalanlara üstünlük verdiklərini ara-sıra etiraf ediblər. 1 ildən bir az çox Makronun mətbuat sözcüsü olmuş Sibet Ndiayın bu haqda dediyi sözlər də göstərir ki, Firəngistan siyasətində Makron bütün rıçaqları əlinə almaq üçün hər cür yola əl atıb. Ndiayın “Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” ifadəsi Makronun siyasətində şəffaflıq yox, manipulyasiya strategiyasının ön planda olduğunu təsdiqləyən amillərdən biri olub.

“Sarı jiletlilər”in üsyanı: Fransızsayağı modern inqilab və Afrikada çöküş

Makronun iqtisadi siyasətləri də Fransada ciddi narazılıqlara səbəb olmuşdur. Xalqın ehtiyaclarını ön planda tutmayan bu siyasətlər isə nəticədə “Sarı jiletlilər” kimi tanınan hərəkatı ortaya çıxarmışdır. Bu hərəkat sadə və orta sinfin Makronun sərhədsiz liberal iqtisadi siyasətlərinə olan reaksiyası idi. Fransanın şəhərlərində genişmiqyaslı etirazlar və qarşıdurmalar ölkə daxilində hökumətin qeyri-effektivliyini üzə çıxardı.

Makronun Afrikadakı siyasətinə gəldikdə, Fransa imperiya dövründəki kolonial yanaşmasını müasir dövrdə də təkrarlamaqdan o yana getmədi. Xüsusən Əlcəzair, Mali, Niger və bu kimi köhnə fransız koloniyası olmuş ölkələrdə aparılan siyasətlərə dair qeyri-səmimi addımlar Fransanın həmin ərazilərdəki hakimiyyətinin çökməsi ilə nəticələndi. Afrika xalqının Fransaya qarşı olan antipatiyası isə Makronun yanlış liderliyinin önəmli bir simvoluna çevrildi. O, Fransa imperiyasının sönməkdə olan mirasına tutunaraq müdaxilə siyasətləri yürütməyə çalışsa da, bu siyasətlər çox vaxt boşa çıxırdı.

Daxili xaos və qalmaqallar

Makronun prezidentliyi dövrü həm də Yelisey sarayındakı intriqaları bərabəri ilə gətirdi. O, ətrafındakı güclü fiqurlar arasında daxili çətinliklər yaradaraq, hakimiyyətinin gücünə güc qatmağa davam edirdi. Məsələn, Makronun keçmiş mühafizəçisi Aleksandr Benalla olan qalmaqalı onun komandasını, üstəlik dövlət idarəçiliyini böyük zərbə altına qoymuşdu.

Bu barədə, çoxlu-çoxlu faktlar yazmaq olsa da, reallıq hazırda bütün siyasi rıçaqlarını itirən Fransa hakimiyyətinin Makron bəlasına düçar olmasıdır. Qısacası, Mark Endeveldin “Böyük Manipulyator” kitabı da Makronun prezidentliyinin əsasını oluşduran manipulyasiya siyasətlərini, daxili intriqaları və xarici siyasətdəki çöküşlərini üzə çıxarır. Fransa prezidenti kimi Makron ölkə daxilində sosial böhrana, xaricdə isə geosiyasi zəifliyə səbəb olan lider kimi tarixə keçə bilər.

Rafi Müslümov