Malayziya parlamentinin komitə sədri Milli Məclisdə oldu

Dekabrın 9-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, söhbət zamanı beynəlxalq parlament konfransı çərçivəsində müzakirə olunan məsələlər, Azərbaycan ilə Malayziya arasında parlamentlərarası əlaqələrin inkişaf potensialı barədə müzakirələr aparılıb.

Görüşdə Malayziya parlamentinin deputatı Azərbaycanın işğaldan azad olunmuş Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərinə səfəri barədə təəssüratlarını bölüşüb, görülmüş işlərin miqyasından danışıb.

Eyni zamanda, Vonq Çenin orada gedən tikinti-quruculuq işləri, mina probleminin insanların öz doğma yurdlarına qayıtmasına törətdiyi maneələr barədə sualları cavablandırılıb.

Səməd Seyidov qonağa Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin gedişi, bu sahədə görülmüş və qarşıda dayanan işlər barədə məlumat verib.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, Azərbaycanın yaşıl enerji sahəsindəki resursları və bu istiqamətdə həyata keçirdiyi layihələr barədə də müzakirələr aparılıb.