Maliyyə Nazirliyi dövlət borcunu AÇIQLADI

Azərbaycanın dövlət borcu açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 1-i vəziyyətinə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 7.839,0 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8.603.4 milyon ABŞ dolları (14.625,7 milyon manat) və ya ÜDM-in 18,2 faizini təşkil edib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

İyulun 1-nə birbaşa daxili dövlət borcu 2.495,2 milyon manat və ya ÜDM-in 3,1 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 2.726,3 milyon manat və ya ÜDM-in 3,4 faizini təşkil edib.