Maliyyə Nazirliyi tenderlər keçirir

Maliyyə Nazirliyi Bakı şəhərinin Nəsimi rayonu, Səməd Vurğun küçəsi,135 ünvanında yerləşən inzibati binalar kompleksindəki kommunikasiya sistemlərinə, avadanlıq və qurğulara texniki xidmətlərin göstərilməsi ilə bağlı tender elan edib.

Yeniçağ.Az-ın xəbərinə görə, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tender 7 lot üzrə keçirilir. Bunlar elektrik sistemləri və avadanlıqlara (lot-1), 2 ədəd Türkiyə istehsallı, “Genpower” markalı, 1600 kVA generatorlara və 2 ədəd Türkiyə istehsallı, “Çetinkaya” markalı, 3 hissəli, 1 600 kVA tənzimləyicilərə (lot-2), 1 ədəd Fransa istehsallı, “Socomec” markalı, 400 kVA UPS-ə, 3 ədəd Türkiyə istehsallı, “Makelsan” markalı UPS-ə (lot-3), yanğına qarşı mühafizə sistemlərinə, yəni avtomatik və susöndürmə sistemlərinə (lot-4), havalandırma, soyutma və isitmə sistemlərinə (lot-5), su-kanalizasiya sistemlərinə (lot-6), eləcə mühafizə sistemlərinə (giriş-çıxış, videomühafizə), daxili şəbəkəyə, İP müşahidə sisteminə, iş vaxtının uçotu üzrə proqram təminatına (lot-7) texniki xidmətlərin satın alınmasıdır.
Hər lot üzrə iştirak haqqı 200 manatdır. İddiaçılar təkliflərini və təklifin dəyərinin 5%-i qədər bank təminatını martın 13-nə qədər Maliyyə Nazirliyinin maliyyə-inzibati şöbəsində təqdim etməlidirlər (əlaqələndirici şəxslər – Anar Qasımov və Azər Hüseynov). Tender proseduru martın 15-də, saat 10:00-da Nazirliyin iclas zalında keçiriləcək.

Bundan başqa, Maliyyə Nazirliyi dəftərxana ləvazimatları (lot-1), təsərrüfat malları (lot-2) və “Kimberly-Clark” avadanlıqlarına uyğun sanitar qovşaqları üçün sərfiyyat materiallarının (lot-3) alınması məqsədi ilə tender elan edib.

Bu tenderdə isə hər lot üzrə iştirak haqqı 300 manatdır. İddiaçılar təkliflərini və təklifin dəyərinin 5%-i qədər bank təminatını martın 13-nə qədər Maliyyə Nazirliyinin maliyyə-inzibati şöbəsində təqdim etməlidirlər (əlaqələndirici şəxs – Azər Hüseynov). Tender proseduru martın 14-də, saat 10:00-da Nazirliyin iclas zalında keçiriləcək.

Yeniçağ.Az

COP29