Manat ajiotajı davam edir

89862Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Qərarın mahiyyəti ondan ibarətdir ki, dünəndən etibarən manatın məzənnəsi dollar qarşısında bir qədər aşağı salınır və avro ilə eyniləşdirilir. Xatırladaq ki, hökumətin bununla bağlı planlarını Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı da səsləndirib. Dövlət başçısı çıxışında qeyd etmişdi ki, manatın bundan sonra avroya qarşı bahalaşması müsbət hal deyil: “Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.
“Qafqazinfo” Mərkəzi Bankın məlum qərarından sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların əhaliyə krediti dollarla verməsi barədə məlumat əldə edib. Bir neçə məşhur bankla da əlaqə saxlayaraq kreditin müştəriyə dollarla yaxud manatla verilməsi ilə bağlı maraqlanıb. Bankların çoxu faktı təsdiqləyərək qeyd edib ki, krediti müştəriyə dollarla verirlər. Ancaq bir neçə bank isə krediti həm manatla, həm də dollarla verdiyini qeyd edib, bankda manat olmadıqda isə yenə dollara üstünlük verəcəklərini bəyan etdilər.

Banklar manatla deyil, dollarla kreditə başlayır

Qeyd edək ki, bankların əhaliyə verdiyi kreditin faiz dərəcəsi ilə bağlı uzun müddətdir ki, cəmiyyətdə narazılıq hökm sürürdü. Hətta ölkə başçısı da bununla bağlı narazılığını ifadə edərək bankları kredit faizlərini aşağı salmaqla bağlı xəbərdarlıq etmişdi. Uzun sürən narazılıqdan sonra, ölkə başçısı “2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanının 11-ci maddəsində Mərkəzi Bankın kredit faizlərinin aşağı salınması ilə bağlı tədbirlər həyata keçirməsi və hər 6 aydan bir prezidentə hesabat verməsi barədə fərman imzalayıb.

Vətəndaşa nə qədər zərər dəyəcək?

Prezidentin məlum fərmanından sonra vətəndaşlar kredit faizlərinin aşağı salınmasını gözləyərkən banklar vətəndaşlara daha bir zərbə vurub. Belə ki, banklar özlərini sığortalamaq məqsədilə müştərilərin seçim imkanını məhdudlaşdırıb. Onlar krediti vətəndaşa artıq manatla deyil, dollarla verirlər. Yenə də zərər vətəndaşa dəymiş olur. Çünki ölkə əhalisi maaşını manatla alır. Bankdan krediti dollarla götürdükdə isə, cibində olan manatını dollara çevirməli olacaq. Bu da pul itkisinə səbəb olacaq. Çünki dollar manata nisbətən bahalaşmağa başlayır. Məsələn, bu gün vətəndaş 100 dollar aylıq kredit ödənişi etməlidirsə, bu manatla 78.48 manat edir. Gələcəkdə manat dollara nisbətən daha da ucuzlaşacaqsa, məsələn, 1 dollar 90 qəpik olacaqsa, bu isə o deməkdir ki, 100 dollar 90 manat edir. Baxın, əvvəl vətəndaş 78 manat kredit ödədiyi halda, indi 90 manat ödəməlidir. Burada vətəndaşın cibinə 12 manat zərər dəymiş olur.

Banklar bu addımı atmaqla, eyni zamanda Mərkəzi Bankın istehlakçı hüquqları ilə bağlı təlimatlarını da pozmuş olurlar və bununla da müştəriyə seçim şansı qoymurlar.

“Qafqazinfo” yuxarıda sadalanan bir sıra problemlərlə bağlı iqtisadçı ekpert Samir Əliyevin də fikirlərini öyrənib. Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən bankların istənilən valyuta ilə kredit vermək hüququ var:”Təbii ki manat ölkədə yeganə ödəniş vasitəsidir. Bu baxımdan bankların krediti manatla verməkdən imtina etməsi düzgün deyil. Amma bu bankların dollarla kredit vermək hüququnu istisna etmir. Belə bir qadağa ola bilməz”.

Manat qıtlığı…

Onun sözlərinə görə, bankların dollarla kredit verməsinin əsas iki səbəbi var: “Birinci səbəb ondan ibarətdir ki, bu gün bank sektorunda manat qıtlığı yaşanır. Manat banklarda az dövr etdiyindən banklar manat qıtlığından əziyyət çəkirlər. Ona görə də banklar krediti dollarla verməyə üstünlük verirlər. Qeyd edək ki, əmanət qoyuluşunda manatla cəlb edilən əmanətlərin faizi daha yüksəkdir. Banklar manatla əmanət cəlb etməkdə daha çox maraqlıdır. İkinci səbəb isə, son günlər manatın məzənnəsinin aşağı salınması ilə bağlıdır. Dollarla kredit vermək o deməkdir ki, kredit qaytarılanda da dollarla qaytarılacaq. Manatın ucuzlaşması kredit verən banklar üçün zərərlidir. Çünki pul dəyərdən düşür. Banklar bununla özlərini sığortalayırlar ki, gələcəkdə manat ucuzlaşarsa, onlar faizi dollarla ala bilsinlər. Burada həm faizə görə uduş olur, həm də manat ucuzlaşanda dollar ifadəsində böyük rəqəm yaranır”.

S. Əliyev qeyd edib ki, bu məsələdə birinci olaraq vətəndaşın seçim imkanı məhdudlaşır:”Eyni zamanda manat dollar nisbətən ucuzlaşanda vətəndaşın xərci artmış olur. Dollar bahalaşdıqca vətəndaşın manatla ödədiyi pul da bahalaşmış olur. Qeyd edim ki, banklar vətəndaşdan əmanəti cəlb edərək onu kredit şəklində müştəriyə verir. Bankın qazancı odur ki, əmanəti 10 faizlə götürür, krediti isə 20 faizlə verir. Yerdə qalan 10 faiz bankın qazancı hesab olunur. Belə vəziyyətdə dollarla əmanət qəbul etdiyinə görə, vətəndaşa krediti dollarla verir, manatla cəlb etdikdə isə manatla verir. Dollar çox istifadə edildikdə manata təzyiq artır. Ümumilikdə isə, ciddi problem yaşanmır”.

Qeyd edək ki, Mərkəzi Banka məlum məsələ ilə bağlı sorğu göndərsək də, hələ ki, cavab verilməyib.

(qafqazinfo.az)