Manatın alıcılıq qabiliyyətini artıran AMİL: “Ölkədə pul bazasının azalma tendensiyası…” – Millət vəkili
“Mərkəzi Bank ilin sonuna qədər inflyasiya həddini daha da aşağı salmağı hədəfləyir”.
Bu fikirləri ölkədə pul bazasının 11 faiz artmasını dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, ölkədə pul bazasının azalması tendensiyasının ilin sonuna qədər davam edəcəyi gözlənilir:
“Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir. Pul bazasının artması bazarda tələbi artırırsa, kiçilməsi isə tələbi azaldır. Tələbin azalması ölkədə inflyasiyanın səviyyəsinin aşağı salınmasına müsbət təsir göstərir.
Mərkəzi Bankın məlumatına görə, bu il keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pul bazası 10,8 faiz artıb. Amma son aylarda pul bazası azalmaqdadır. Belə ki, oktyabrın 1-də sentyabrın 1-nə nisbətən pul bazasında 1,2 faiz azalma qeydə alınıb. Bu tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir.
Çünki Mərkəzi Bank ilin sonuna qədər inflyasiya həddini daha da aşağı salmağı hədəfləyir. Onu da qeyd etmək istəyirəm ki, ilin sonuna qədər pul bazasının tədricən azalması insanların gəlirlərinə təsir etməyəcək. Əksinə, onların əllərində olan pulun alıcılıq qabiliyyəti artacaq.
Bu baxımdan, Mərkəzi Bankın ölkədə manatın qorunması və inflyasıyanın aşağı salınması istiqamətində apardığı pul-kredit siyasətinin optimal olduğunu düşünürəm”.
Yusif Səmədzadə