Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Mandatı çatmayan deputatın “popkorn” qələbəsi

Milli Məclisin istənilən deputatını xarakterizə etmək elə də çətin deyil. Kimin kimə və yaxud da nəyə xidmət etdiyini çox yaxşı bilirik. Əksəriyyəti üçün deputat olmaq, sadəcə, 5-10 min xərc çəkib “həci” statusuna yiyələnmək kimi bir şeydir. Elə buna görə də seçildiyi dairəyə gedib, vətəndaşlarla görüşən deputatların sayı ya bir olar, ya iki…

Qalanları isə düyməyə basmaq üçündür. Rasim Musabəyov da belələrindəndir. Sözün həqiqi mənasında sözügedən deputatın Milli Məclisdə sözünü, səsini eşidən yoxdur. Parlamentin binasına girəndə telefonu ilə yanaşı, özünü də səssiz rejimə keçirir. Yəni, qısası, statusu millət vəkili olsa da, millətin vəkili deyil.

Musabəyov iki gün öncə “Azneft” meydanında “əməliyyat”a çıxıb. Yeraltı keçiddən istifadə edən zaman qatı açılmamış “cinayət”in üstünü açıb. Hal şahidi el-aləmə car çəkib ki, bəs, azyaşlı oğlan “popkorn” satmaqla şəhər əhalisini zəhərləyir, biabırçı mənzərə yaradır və s. Bundan sonra da deputatın səsinə səs verənlər uşağı “cinayət başında” tutaraq “istintaq”a cəlb ediblər.

Bəs, həqiqi, orijinal millət vəkili əslində nə etməliydi?

Yaxınlaşmalıydı uşağa, onun başını sığallamalı, alverin gedib-getmədiyini soruşmalıydı. Ünsiyyət qurduqdan sonra nəyə görə bu yaşda işləməsiylə maraqlanmalıydı. Bəlkə anası xəstədir, bəlkə atasının fiziki durumu işləməyə imkan vermir, bəlkə qardaş-bacısının dərmana ehtiyacı var, bəlkə, bəlkə, bəlkə…

Ay Musabəyov, uşaqdan soruşdunmu ki, dərsə gedirsənmi? Dəftərin, qələmin, çantan, ayaqqabın varmı? Nə var ki, bir zavallı üzərində “qələbə” qazanmağa? Mandatın çatarmı ki, şəhərin ekologiyasını korlayan restoranları bağlatdırasan, mandatın çatarmı ki, seçildiyin ərazidə fəaliyyət göstərən fahişəxanaları qapatdırasan, mandatın çatarmı ki, çıxarıb uşağa 5-10 manat verəsən?

Bunu edə bilmirsənsə, mərdimazarlıq niyə edirsən? Guya Bakının, onun əhalisinin həll olunmayan yeganə problemi “popkorn” satan uşaq idi?

Elə səs-küylə də “qələbə” qazandığını elan edir ki, guya 27 ildən sonra Şuşanı işğaldan azad edib, İrəvanın da behini verib, bu günə-sabaha almalıdır.

Musabəyov əhali üçün önəm daşıyan, ciddi məsələlərin müzakirəsi zamanı səssiz qaldığına görə həmin uşağın “popkorn”la qonaqları zəhərlədiyini düşünür. Amma fərqində belə deyil ki, verdiyi nəfəsin özü belə, o “popkorn”un tüstüsündən daha zərərlidir…

Gərək, bundan sonra küçə ticarəti ilə “çörək pulu” qazananlar daha da diqqətli olsunlar. Qoymayın ayə, üstünüzə İrasim gəlir…

Emin Səfərov

www.yenicag.az

4532