Müasir insanı mobil cihazlar və smartfonlarsız təsəvvür etmək qeyri-mümkündür. Həcmcə kiçik olmalarına baxmayaraq, həyatımızda böyük rola malik olan bu cihazlar istər sürət, vaxta qənaət, istərsə də bizə lazım olan informasiyanı, bilgini öyrənmək baxımından əlverişli hesab edilir. Bu cihazların müsbət tərəfləri çox olduğu kimi, mənfi tərəfləri də az deyil. Xüsusən də azyaşlılar üçün.
Məsələni Yenicag.az-a şərh edən psixoloq Vəfa Rəşidova qeyd edir ki, mobil telefonlar yeniyetmələrdə aqressiya yaradır, onları manqurtlaşdırır:
“Telefonların və digər mobil cihazların fəsadları kifayət qədər çoxdur. Bu cihazlar həyat ritmini həddindən artıq aşağı salır, ünsiyyətdə problem yaradır. Məsələn, kütləvi məkanlarda bu, daha qabarıq şəkildə özünü göstərir. Bu gün 16 yaşlı yeniyetmənin psixoloji durumuna baxsaq, diqqət yayınıqlığı, aqressiya, eyni zamanda asosaillaşmanı onda müşahidə edə bilərik. Yeniyetmə daha çevik olmaqla yanaşı, fikirləri də bir o qədər aydın şəkildə və operativ olmalıdır. Azyaşlılarla söhbət zamanı onların həyatlarını planlaşdırmamalarının şahidi oluram. Bunun da səbəbi mobil telefondan çox istifadə etmələridir”.
Psixoloq vəziyyətdən çıxış yolunu mobil telefonlardan istifadəni məhdudlaşdırmaqda görür:
“Bu gün bəzi yeniyetmələrimiz manqurtlaşıblar. Təəssüflər olsun ki, onlar heç bunun fərqində də deyillər. 16 yaşına qədər uşaqların telefondan istifadəsinə müəyyən məhdudiyyətlər qoyularsa, bu böyük bir savaşdan alnı açıq çıxmaq deməkdir”.
Sadiq Cavadov