Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Yenicag.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Mahir Əliyev bildirib ki, İnqlab küçəsində Maqsud ona obyekt satıb.
“Obyektin aylıq icarəsinə ayda 8 min manat istəyirdi. Maqsudun adamları qiymət dedi. Obyekti 310 min dollara satdı. Aslan Qəhrəmanov dedi ki, obyekt mənimdir, Maqsud satır. 3 ay sonra dedilər ki, bizi məhkəməyə verib obyekti geri qaytarmaq istəyir. Mən də Maqsuddan pulumu tələb elədim. Bizə and içdi ki, pulu verəcək. Sonra pulu vermədi, obyekt də qaldı özümüzə. Yoldaşı bizi obyektə görə məhkəməyə verdi”, – deyə şahid bildirib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.