Marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərənlər ortaq maraqlarının qorunması, sektorun daha da inkişafı və sektor daxilində maariflənmə səviyyəsinin yüksəldilməsi üçün təşkilatlandılar.
Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyası Məmməd Şahməmmədov (AA&M), Elnur Nurəliyev (McCann Baku), Emin Quluzadə (PeopleBrand), Ceyhun İmanov (JIS), Abbas Fətullayev (TradeMark/Leo Burnett Azerbaijan), Afət Yaqubova (Laboratoriya PR), Namiq Bayramov (YelloAD), Aygün İslamzadə (Kapital Bank), Sabit Məmmədov (Admedia), Azər Nəcəfov (YelloAD), Rəşad Nəzərli (PeopleBrand), Elnur Osmanov (Air Group) və Teymur Məmmədov (PamPam Kreativ Butik) kimi marketinq kommunikasiyaları sahəsində böyük təcrübəyə malik mütəxəssislər və tanınmış şirkət rəhbərləri tərəfindən təsis olunub.
Birlik “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, özünütənzimləmə funksiyası həyata keçirməyi qarşısına məqsəd qoyub.
Amma MKA təkcə maraqların qorunması ilə kifayətlənməyəcək.
Marketinq kommunikasiyalarının kompleks inkişafı üçün müxtəlif sahələrdə çalışan mütəxəssisləri bir araya gətirib, birgə fəaliyyət göstərmək, münaqişələrin həllində mediator olmaq, üzvlər arasında bilik, təcrübə və fikir mübadiləsinə, eləcə də, gənc mütəxəssislərin inkişafına şərait yaratmaq, reklam standartlarını və fəaliyyətlərini inkişaf etdirmək, marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssislərin hüquqlarını dövlət və özəl qurumlar qarşısında müdafiə etmək, etik kodeks hazırlayaraq təbliğ, tətbiq və tətbiqinə nəzarət kimi məqsədlərə nail olmaq niyyətindədir.
Marketinq kommunikasiyaları sahəsində müəllif hüquqlarının müdafiəsi, kommunikasiya materiallarında Azərbaycan dilinin təmizliyinin qorunması kimi vacib və aktual məsələlər, həmçinin Azərbaycan marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin daxili və xarici bazarlarda təqdimatının təşkili də Assosiasiyanın diqqətində olacaq.
“Biznes fəaliyyətində rəqabətdə olmağımız peşəkar olaraq birləşməyimizə, peşə standartlarımızın qurulması və qorunmasına çalışmağımıza, təcrübələrimizi bir-birimizlə və gənclərlə paylaşmağımıza mane olmamalıdır və əminəm ki, olmayacaqdır da!” – İctimai Birliyin İdarə Heyətinin Sədri, Yello Advertising şirkətinin həmtəsisçisi Namiq Bayramov belə deyib.
Namiq Bayramov həmçinin qeyd edib ki, Assosiasiyaya üzvlük sərbəstdir. Marketinq və marketinq kommunikasiyaları sahəsi üzrə ixtisaslaşmış hər kəs Marketinq Kommunikasiyaları Assosiasiyasına üzvlük üçün müraciət edə bilər. Bununla bağlı prosedurlar yaxın vaxtlarda açıqlanacaqdır.