Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 15-dən etibarən marketlərdə plastik torbaların pulsuz verilməsi dayandırılıb. Bu qərar ətraf mühitin qorunması məqsədilə qəbul edilib.
Qərara əsasən, bütün marketlərdə plastik torbalar ölçüsündən asılı olaraq 3, 5 qəpiyə satılır.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, həmin paketlərin 20 kiloqramı 50 manata alınır. 1 kiloqrama isə təxminən 250 paket daxildir. Bu hesabla 1 ədəd plastik paketin maya dəyərinin 1 qəpik olduğunu görürük.
Daxil olduğumuz “Araz”, “Bravo”, “Bolmart” marketlər şəbəkəsində də qiymətlərin qərarda qeyd edilən kimi olduğunu müşahidə etdik.
Bəs, bu qiymətlər normaldırmı? Marketlər paketlərin satışından qazanc əldə edirmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.
O, bildirib ki, marketlər polietilen torbaları istədikəri qiymətə sata bilər:
“Torbalar adi məhsuldur. Marketlər onları istədikləri qiymətə sata bilərlər. Burada heç bir qiymət artırma mexanizmi yoxdur. Marketlər həmin torbalardan doğru-dürüst vergi ödəməlidirlər. Hansısa inzibati qayda ilə tənzimləmə də doğru deyil. Sadəcə, bu sahədə tələb artarsa, fərqli istehsal sahələri yaranarsa, polietilen torba istehsal edən şirkətlər arasında rəqabət güclənərsə, o zaman marketlərdə də bazar qiymətlərinə uyğun tənzimlənmə görə bilərik“.