Marketlərdəki qiymətlərin artımı rəsmi şəkildə təsdiqlənib

img1894208Azərbaycanda son bir ay ərzində ərzaq mallarının qiymətinin 25-30 faizədək artması müşahidə olunur. Artıq ölkə ərazisində fəaliyyət göstərən mağazaların hamısında məhsullar yeni qiymətlərlə satıcılara təqdim olunur.

Bir neçə gün əvvəl marketlərdə qiymətlərin qaldırılması haqda xəbər vermişdik. Bundan sonra mağazalarda İqtisadi İnkişaf Nazirliyi tərəfindən süni qiymət artımın qarşısının alınması üçün yoxlamalar aparılıb. Bəzi supermarketlər qiymət artımının olmadığını bildirirdilər. Sonradan məlum oldu ki, həmin supermarketlərdə bu müddət ərzində satılan mallar qiymət artımından əvvəl alınmış məhsullar olub. Marketlər yeni aldıqları məhsulları yeni – yəni artırılmış qiymətlərlə alıcı qarşısına çıxarıblar. Artıq bütün marketlərdə məhsullar 25-30 faiz baha satılır.

Xatırladaq ki, bu il Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində bəzi malların qiymətləri anidən 25-30 faizdək qaldırılmışdı. Lakin bunun süni qiymət artımı olduğunu bəyan edən hökumət qiymət artımına qarşı mübarizəyə başladı. İqtisadi İnkişaf Nazirliyi xeyli sayda marketi və firmanı qiymət artımına görə cərimələdi. Bununla da qiymət artımın qarşısı alındı. Avropa Oyunlarından sonra qiymət artımına rəsmən icazə veriləcəyi gözlənilən idi. Belə də oldu.

Bu gün də mağazalarda müşahidə apararkən qiymətlərin artmasının rəsmi şəkildə icazə əsasında həyata keçirildiyini öyrəndik. Mağazaların məsul şəxsləri də qiymət artımının olduğunu və artıq firmaların bunu rəsmi şəkildə elan etdiyini bildirdilər.

Məsələn, “Azərbaycan Coca-Cola Bottlers” MMC sentyabrın 7-dən sərinləşdirici içkilərin qiymətini artırdığını elan etdi. Məsələn, 20 qəpiklik 500 ml adi qazsız su əvvəlcə 25 qəpik, daha sonra isə 30 qəpiyə qaldırıldı. 1 lt-lik “Coca-Cola” içkisi 60 qəpikdən 70 qəpiyə qaldırıldı.
Azərbaycanda fəaliyyət göstərən ən böyük marketlər şəbəkəsinin rəsmisi ilə söhəbtimizdə məlum oldu ki, hazırda qiymət artımı etməyən sərinləşdirici içkilərdən “Pepsi” və “Hell”dir.

“Prokter & Gembl Azərbaycan Servisləri” MMC məhsulları 30 faiz qalxıb. MMC bazara “Oral-B Pro-flex” diş fırçası, “Duracell” batareyası, “Ariel” yuyucu tozu, “Blend-a-med Pro-expert” diş məcunu, “Pampers” və bir çox məhsullar buraxır.

“Milla” süd məhsulları da bazarda yeni qiymətlərlə satıcılara təqdim olunur. Ət və süd məhsulları istehsal edən “Səba” firması da qiymətləri 25 faizədək artırıb.

Ölkədə fəaliyyət göstərən ən böyük firmalar arasında yer alan “Avrora”a da qiymətləri 30 faizədək qaldırıb. Bu firma Azərbaycanda makaron, biskvit, peçenye kimi şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdansatışı ilə məşğul olur. Bazarda kifayət qədər tanınmış “Tanelli”, “Doymak”, “Laferella” markalı makaronlar bu firmanın məhsullarıdır.

Ölkə bazarında yerli məhsul istehsalına görə ön sırada yer tutan “Azərsun Holdinq” də qiymətləri artırıb. Lakin “Azərsun Holdinq”in qiymət artımı digərlərindən 4-5 faiz azdır. Holdinq özü qiymətlərin 4-5 faiz civarında qaldırıldığını təsdiqləyib. Səbəb olaraq isə Çində yuanın devalvasiyası göstərilib.

Hazırda mağazalarda satılan kənd məhsullarının qiymətlərində artım yoxdur. Yumurtanın qiyməti isə 0,5-1 qəpik arasında qaldırılıb. Böyük marketlər şəbəkəsinin özünün istehsal etdiyi şirniyyat mallarının da qiymətində hələ ki artım yoxdur. Mağaza əməkdaşları bunu unun qiymətinin bahalaşmaması ilə əlaqələndirirlər. Əgər unun qiyməti artarsa, bu da birbaşa şirniyyat məhsullarının qiymətinə təsir edəcək.
Qiymət artımı spirtli içkilərdə də müşahidə olunmur.

Siqaretin qiymətləri isə məlum olduğu kimi, bir neçə ay əvvəl 25 faizədək qaldırılıb. İndiki mərhələdə siqaret yenidən qaldırılmayıb.
Marketlərdə olarkən aldığımız cavablar bir-birinin oxşarı idi. Market əməkdaşları artımın firmalar tərəfindən aparıldığını, məsuliyyətin də onların daşıdıqlarını deyərək bizi əmin etməyə çalışdılar ki, bu dəfə ki, qiymət artımı rəsmi şəkildə təsdiq olunub. Və bunun da məntiqi nəticəsidir ki, qiymətləri qaldıran heç bir firma cərimələnməyib.

Marketlərdə olduğumuz zaman alıcılarla da söhbətləşdik. Hər kəs qiymət artımından şikayət edirdi. Bakı sakini Vidadi Ağakişiyev hər zaman aldığı ərzaq məhsullarının birdən-birə bahalaşdığını deyir: “Mən hər həftə eyni marketə gedib, demək olar ki, eyni məhsulları alıram. Normalda kassada 25-30 manat civarında pul ödəyirdim. Amma ötən həftə 40 manat xərcim çıxıb. Hər alış-verişimdə ödəniş qəbzlərini saxladığım üçün evdə müqayisə etdim. Gördüm ki, bütün məhsullar 5-10 qəpik, bəziləri isə 20-30 qəpik bahalaşıb. Bu mənim ailə büdcəmə böyük ziyan vurur. Market sahibini, şirkətləri qınamıram. Manat “ölür”. Onların nə günahı var ki?”

Solmaz Zeynalova isə insanlardan qiymət artımını gizlətdiklərini deyir: “Qiymətlər yavaş-yavaş artır. Artmayan məhsul ancaq çörək və yumurtadır. Nə sirdirsə bizim camaat da qiymət artımını ancaq çörəklə ölçür. O da qalxmır. Elə düşünürlər ki, hər şey qaydasındadır. Mən müəlliməyəm. Hər şeyi çox yaxşı anlayıram. Marketlərdə qiymətlər qəpik-qəpik artır. Və bu indi başlamayıb. Sadəcə səs salmadan, insanlar hiss etməsin deyə yavaş-yavaş qiymətləri qaldırırlar. Hər şey xaricdən gəlir. Yerli istehsal olsaydı, 5 dəfə də devalivasiya olsa bizə təsir etməzdi. İndi biz nə edək? Maaşlarımız onsuz da azdır. Azdan da azdır… Qiymətlər 20-30 faiz qalxırsa, bəs maaşlar nə olacaq? Onlar da artmalıdır. Qəribə ölkədə yaşayırıq. Maaşlar, gəlirlər stabil qalır, qiymətlər qalxır”.

Fevral ayında baş verən ilk devalivasiya zamanı şirkət, firma və marketlərə qeyri-rəsmi qadağa qoyuldu. Bu qadağa qiymət artımı ilə bağlı idi. Hər kəsə “Qiymətləri qəti şəkildə artırmaq olmaz” qadağası tətbiq edildi. Buna görə də, bir çox meqa şirkət və firmalar ipləri “sıxmağa” başladı.

Biznesmenlər qorxudan və məcburiyyətdən qiymətləri stabil saxladılar. Amma indiki zamanda artıq bu da mümkün görünmür. Və bunu anlayan hökumət artıq onlara qiymət artımına icazə verib. Əks halda isə ölkədə məhsul qıtlığı yaşana bilər.

Belə ki, şirkətlərə növbəti qiymət qadağası qoyularsa, onlar da məcbur qalıb, satdıqları məhsulların bəzilərini bazardan çıxartmalı olacaqlar. İstehsalçılar isə məhsullarının keyfiyyətini aşağı sala bilərlər. Bu yolla da qiymət artımının qarşısını almağa çalışacaqlar.
Bütün bunların ardınca isə ixtisarlar dalğası ola bilər.

Xərclərini mümkün qədər azaltmağa çalışan biznesmenlər işçi ixtisarlarına gedə bilər. Bu da ölkədə işsizliyin yüksək sürətlə artmasına səbəb olacaq. Bütün bunları gözə alan hökumət firmaların təbii qiymət artımına mane olmur.

Neftin kəskin şəkildə ucuzlaşması, özünün mənfi formada təsirini ölkəmizə göstərir. Nəzərə alsaq ki, ölkədə bütün xərclər və gəlirlər neft pullarının üzərində qurulub, bu, təbii haldır. Prezident İlham Əliyev də sentyabrın 8-də keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə neftin ucuzlaşması və ölkəyə verdiyi ziyanlarla bağlı danışıb(musavat).