Tələbələrin fevraldan təhsil haqqını ABŞ dollar ilə ödəyəcəyi ilə bağlı mətbuatda yayılan elanın Təfəkkür Universitetinə heç bir aidiyyəti yoxdur. Bu barədə APA-ya Təfəkkür Universitetindən məlumat verilib.
Universitetdən bildiriblər ki, hazırda imtahanlar gedir və ötən gün universitetdə heç bir tələbə olmayıb: “İmtahanlar isə bu gündən başlayıb. Göstərilən elanın heç bir əsası yoxdur və hansı universitetə aid olduğu dəqiq bilinmir. Bəzi KİV universitet rəhbərliyi ilə əlaqə saxlamadan, faktı dəqiqləşdirmədən əsassız məlumat yayıb”.
Qeyd olunub ki, Təfəkkür Universitetində təhsil haqqı bir qayda olaraq tələbələr qəbul olunarkən, rektorluqla tələbələr arasında bağlanmış müqaviləyə əsasən tənzimlənir: “Universitet fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi tələbələrin təhsil haqları yalnız milli valyuta ilə ödənilib. Bu gün də tələbələrin təhsil haqqında heç bir dəyişiklik olmayıb. Təhsil haqqı yalnız Azərbaycan manatı ilə ödənilir”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təfəkkür Universitetinin tələbələrdən təhsil haqlarının Azərbaycan manatı ilə deyil, dollarla ödənilməsinin tələb olunması ilə bağlı məlumat araşdırılıb: “Universitetdən bildirilib ki, təhsil müəssisəsinin binasında belə bir elan asılmayıb, tələbələrin təhsil haqqında da heç bir dəyişiklik olmayıb”.
Nazirlikdən o da qeyd olunub ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir və bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də əksini tapıb: “Həmin müqavilələr tələbələr təhsillərini başa vuranadək qüvvəsində qalmalı, təhsil haqlarının səviyyəsi dəyişməməlidir. Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqı yoxdur”.
Nazirlikdən əlavə ediblər ki, yeni tədris ili üzrə təhsil haqlarının artması və ya azalması məsələsinə mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bir müddət əvvəl “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, onlara ali məktəblərdəki illik təhsil haqqı ilə bağlı məlumatlar Nazirlər Kabinetindən təqdim olunur, Komissiya da bunun əsasında sənəd hazırlayır: “TQDK-nın qiymətlərin müəyyənləşməsində heç bir rolu yoxdur. Ali təhsil müəssisələrinin rəhbərləri Nazirlər Kabinetinə müraciət edir, Nazirlər Kabineti da həmin müraciətlər əsasında bizə qəbul planı ilə yanaşı, təhsil haqqı qiymətlərini təqdim edir”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirib ki, hələlik bu məsələ ilə bağlı rəsmi qərar verilməyib.
Təhsil eksperti Əjdər Ağayev APA-ya deyib ki, təhsil haqları ilə bağlı məsələdə dəqiqlik yoxdur: “Şəxsən mən bu sahə ilə bağlı Nazirlər Kabinetinin tənzimlənmə mexanizminə rast gəlməmişəm. Elə buna görə də hər ali məktəbdə ödəniş haqları istər ixtisaslar, istər fakültələr, istərsə də ali məktəblərin imicinə görə müxtəlifdir. İndiki zamanda bu məsələdə dəqiqlik tələb olunur. Aydın şəkildə göstərilməlidir ki, hansı ixtisaslar üzrə oxuyan tələbələrin ödəniş haqları illik nə qədər olmalıdır. Bu barədə heç bir göstəriş yoxdur. Məhz olmadığına görə də ali məktəblər öz ehtiyaclarını nəzərə alaraq ödəniş haqqını müəyyənləşdirir”.
Ekspert qeyd edib ki, bu gün yaranan problemlər fonunda mövcud ödəniş haqqı qalacaqsa, ali məktəblər itki ilə üzləşəcək: “Devalvasiyadan sonra ali məktəblər bu məsələyə yenidən baxacaq. Amma sual yaranır ki, bu məsələyə necə və hansı əsasla baxmalıdırlar. Ali məktəblər, xüsusən özəl ali məktəblərin 80 faizi təhsil haqqı hesabına özünü saxlayır. Onlar işçilərinə əmək haqqı verə bilməyəcəklərsə, o zaman ödəniş haqları artırılacaq. Ödəniş haqları artırılsa, bəs tələbə o vəsaiti necə ödəyəcək? Ona görə də bu məsələdə hökumətin zəruri müdaxiləsi lazımdır”.
Qeyd edək ki, son günlər bəzi KİV-də Bakı Qızlar Universiteti və Təfəkkür Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar yayılıb.