Masallıda qadın sahibkarlar üçün maarifləndirmə tədbiri keçirildi – FOTO

İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Masallıda “Regionlarda qadın sahibkarlığının inkişafına təşəbbüs” adlı maarifləndirmə tədbiri keçirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirililən tədbirə liderlik bacarığını inkişaf etdirmək istəyən qadınlar qatılıb.

İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyindən bildirilib ki, layihənin əsas məqsədi regionlarda yaşayan qadınların liderlik bacarıqlarının üzə çıxarılması, maarifləndirmə yolu ilə qadın sahibkarların regional iqtisadi inkişafda payının artırılmasına nail olmaqdır. Bu məqsədlə layihə üzrə təlimçilər toplantıya qatılan icma üzvlərinə sahibkarlıq fəaliyyətinə başlamağın qanuni əsasları, o sıradan şirkət yaradılması üçün gərəkli sənədlərin toplanması, qeydiyyatın aparılması, mühasibatlıq işləri haqqında bilgi veriblər. Bundan başqa, qadınlar hökumətin ayrı-ayrı nazirlik və komitələr xəttilə gerçəkləşdirdiyi regional inkişaf layihələrinə qoşulmaq üçün atılmalı olan addımlar haqqında geniş məlumatlandırılıb.

İcma üzvləri bildiriblər ki, artıq regionda bir neçə uğurlu qadın sahibkarlar var və onların fəaliyyəti digər qadınlara da iqtisadi imkanlarını genişləndirmək üçün stimul verir. Əsasən ekoturizm, qida sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən qadınlar bir neçə ilə biznes şəbəkəsi qura biliblər ki, bu, həm kiçik sahibkarlıqla məşğul olmaq istəyənlərə yaxşı örnəkdir, eyni zamanda icma üçün yeni iş yerlərinin açılması deməkdir.

Qadınların fikrincə, bu təşəbbüslər o zaman daha uğurlu olur ki, ailə üzvləri onları dəstəkləyir və bölgü üzrə bəzi işləri üzərlərinə götürürlər. Bu həm ailənin daha çox gəlir əldə etməsinə, həm də iş imkanlarının daha da perspektivli olmasına imkan yaradır.

Tədbir daha çox interaktiv qaydada davam edib. Sahibkar olmaq istəyən qadınlar təlimçilərə konkret suallar verib, bəzi məsələlər isə elektron qaydada yerində həll edilib.

Qeyd olunub ki, bu cür maarifçilik tədbirlərinin keçirilməsi son dərəcə vacibdir. Çünki bəzən elə hallar olur ki, əslində çox sadə bir məsələnin həlli üçün yerlərdə insanlar kimə müraciət edəcəklərini bilmirlər. Bu cür tədbirlər isə yeni tanışlıqlar, gələcək birgə fəaliyyət imkanları açır ki, bu da iş dünyası ilə vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqələrinin güclənməsinə, dolayısı ilə cəmiyyətin inkişafına xidmət edir.

COP29