“Maşın bazarı” – maşın var, “bazar” yox – REPORTAJ/FOTOLAR

2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır. Bu isə onu deməyə əsas verir ki, gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq.

“Maşın bazarı”nın hazırkı durumunu öyrənmək üçün Yenicag.az-ın reportyor qrupu olaraq Avtomobil Satış Mərkəzinə yollanırıq.

“Maşın bazarı”ndan hazırladığımız reportajı sizə təqdim edirik.

Azərbaycanın yeganə “maşın bazarı” Badamdarda yerləşən Avtomobil Satış Mərkəzidir. Mərkəzə daxil olanda “maşın bazarı”ndan daha çox, maşın dayanacağını xatırladır. Müştərisiz bazardan başqa nə gözləmək olardı ki?..

Satıcılardan birinə yaxınlaşırıq. Ağzımızı açmamış deyir ki, qardaş, görürsünüz də vəziyyəti, özümüzdən başqa heç kim yoxdur.

Bazardakı vəziyyət və qiymətlərlə bağlı Malik bunları deyir:

“Bazarda alıcı olmasa da, qiymətlər hələ artır ki, azalmır. Respublikanın bir dənə “maşın bazarı” var, gördüyünüz kimi bir nəfər belə alıcı yoxdur. Həftə sonları olan bazara görə gəlib buradan keçib, maşın alıb gedirlər”.

Azərbaycanda yığılan maşınların satışına gəldikdə isə, satıcılar bildirir ki, o maşınları daha çox müəssisələr alır. Sıravi insanlar ölkədə istehsal edilən maşınlara heç baxmırlar da.

Satıcılarla söhbət edən zaman məlum olur ki, bazarda satılan maşınların alıcıları internet üzərindən gəlir.

30 ildən çoxdur maşın biznesi ilə məşğul olan İsmayıl Məmmədov bildirir ki, son zamanlar müştəri kimi maşın almağa gələni çox az hallarda görüb.

Gələn ildən etibarən xaricdən gələn maşınların aksiz vergisinin qalxmasının qiymətlərə təsirinə gəldikdə isə İsmayıl Məmmədov bunları deyib:

“Aksiz vergisinin artırılması təbii ki, bazara bir qədər də təsir edəcək. Hazırda 40 minə olan maşın, aksiz vergisi artandan sonra 45 min manat olacaq. Qiymətin gələn il artması gözlənildiyi üçün, dekabr ayında alverin yaxşı olacağı gözlənilir. Əlimdə maşınlar var, satmıram. Dekabrın axırına yaxın satışa çıxaracam”.

Maşınların internet üzərindən satışına gəldikdə isə İsmayıl Məmmədov qeyd edib ki, burada gördüyünüz maşınların hamısı internetdə reklam edilir:

“İnternet olmasa bilinər ki, kim yaxşı maşın taciridir. 1988-ci ildən bu işlə məşğulam. İnternetin olması tacirliyimizi də öldürüb. Çox az hallarda müştəri görürük. 2010-cu ildən 2015-ci ilə qədər ay ərzində 50-60 maşın satardıq. İndi 3-5 maşın satarıq, ya yox”.

Hansı maşınların daha çox satılmasına gəldikdə isə mütəxəssis insanların son zamanlar yüngül maşınlara üstünlük verdiyini deyir:

“Hazırda yüngül, xırda maşınlar satılır. Həmişə mənim maşınlarım hündür, böyük maşınlar olub. Ancaq son zamanlar kiçik maşından istifadə edirəm. Kiçik maşınların həm benzin sərfiyyatı azdır, həm manevr qabiliyyəti yaxşıdır, həm də park etmək asandır. Böyük maşınlar Azərbaycanda daha çox sürülür. Türkiyədə iri maşın görmürəm. Almaniyadan maşın gətirirdik, oralarda bir dənə də böyük maşın görmürdüm. Artıq şəhərdə də böyük maşınlar azalmağa başlayıb”.

Şəhərdəki maşın salonları ilə əlaqə saxladıqda aydın olur ki, bazardakı vəziyyət şəhərdəki salonlardan fərqlənmir. Orada da satış daha çox internet üzərindən aparılır, bazarda da.

İsmayıl Məmmədov şəhərdəki maşın salonları ilə bazarın fərqini isə bu şəkildə şərh edir:

“Buranın bizə bir xeyiri var ki, ərazi genişdir. Şəhərdəki maşın salonlarındakı satıcılar mağazadan çıxa bilmirlər, biz isə çıxırıq, stadionu 2-3 “kruq” gəzirik. Alver yoxdur, heç olmasa sağlamlığımızın qeydinə qalırıq (gülürük)”.

Bazarı gəzərkən maşına baxım edən bir ticarətçi ilə rastlaşırıq. İbrahim adlı maşın taciri deyir ki, alver olmadığı üçün işçi də saxlaya bilmir:

“Əvvəllər alver var idi. İşçi saxlayırdıq. İşçilər maşınlara baxırdılar. Ancaq indi işçi saxlaya bilmədiyimiz üçün maşının baxımını da özümüz edirik”.

Gələn ildən etibarən aksiz vergisinin artmasına münasibət bildirən maşın taciri deyir ki, bu maşınların qiymətinin yenidən qalxmasına səbəb olacaq.

Bazarda olduğumuz müddətdə bir neçə maşın alverçisindən başqa heç kimə rastlamadıq.

Adı “maşın bazarı” olsa da, burada el deyimi ilə desək “it ulayır”. Aksiz vergisinin artmasından sonra isə vəziyyət necə olacaq, siz təsəvvür edin…

Səxavət Məmməd
Foto: Allahverdi Məmmədov

COP29