Məşhur “Maşın” şousu ətrafında söz-söhbət səngimək bilmir. Çoxları Murad Dadaşovun layihə rəhbəri olduğu şounu saxta hesab edir.
Yenicag.az xəbər verir ki, şou-biznes əhlinin iştirak etdiyi yarışda hər şeyin əvvəlcədən düşünülmüş ssenari olduğu iddia edilir. Nəticədə, iştirakçılar bir-biri ilə ciddi şəkildə mübahisəyə başlayır, qalmaqal yaradırlar ki, bu da şounun baxımlı olmasına, kanala reytinq gətirməsinə səbəb olur.
İştirakçıların taleyinin SMS səsverməsi ilə həll olunduğunu nəzərə alsaq, deməli, bu qalmaqallar və söz-söhbətlər layihə rəhbərlərinə sərf edir. Çünki tamaşaçı pərəstiş etdiyi şəxsin mübahisədə olduğu rəqibinə uduzmasını istəmir və onun yarışda qalması üçün xərcə düşüb, SMS göndərir.
Maraqlıdır ki, hər yarışdan sonra kimə neçə SMS göndərildiyi açıqlanmır. Bu isə bir sıra şübhələrə əsas yaradır. İştirakçıların yarışda qalıb-qalmaması sadəcə, faiz dərəcəsi ilə göstərilir ki, ötən gecə bu məsələdə də saxtakarlıq üzə çıxıb.
Belə ki, müğənni Cavad Rəcəbovun yarışda qalmasını istəyənlər 35,71 % təşkil edirdisə, “getsin” deyənlər 65, 29 % olub. Bu isə ümumilikdə 101 faiz deməkdir. Təkcə elə bu fakt şounun saxta olmasına dair şübhələri daha da artırır.
Belə çıxır ki, layihə rəhbərinə sərf etməyən və yaxşı SMS gətirəcək gücü olmayan iştirakçıları ekranda göstərilən formal səs sayı ilə yarışdan uzaqlaşdırmaq olur.
Emin
Yenicag.az