Mask Durova görə Makrona müraciət etdi

Amerikalı milyarder İlon Mask Parisdə saxlanılan Teleqramın təsisçisi Pavel Durova görə Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.

Yenicag.az xəbər verir ki, Mask Makronun Durovun həbsi ilə bağlı X sosial şəbəkəsindəki paylaşımına cavab yazıb.

“Qlobal ictimaiyyətə onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat vermək faydalı olardı”, – Mask bildirib.

Qeyd edək ki, Teleqramın təsisçisi Pavel Durov Fransanın “Le Burje” hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.