“Yeniçağ.az”-ın “Dialoq kürsüsü”ndə ictimai-siyasi proseslərdə müxalif düşüncəsi ilə seçilən ADP üzvü, vəkil Qurban Məmmədovdur.
– Dialoqa ənənəvi bir sualla başlamaq istərdim: Qurban Məmmədov bu gün dünyaya hansı “pəncərədən” baxır və nələri görür?
– Əslində, indiki Azərbaycanda dünyaya baxmağa pəncərə qoymayıblar. Hər tərəf zülmətdir. Ətrafda baş verənlər belə bir təəssürat yaradır ki, sanki dünyanın bir-birinə düşmən olan, bir-birinə qənim kəsilən insanlarını buraya toplayıblar. Hamı bir-biri ilə davada, savaşda, bir-birindən nəsə qopartmaq ardında. Mənsə, yaşımın bu vaxtında, həyatımın hesabat verməli dövründə, “ömür maşınının arxa pəncərəsi”ndən baxıram və təəssüf ki, geridə ürəkaçan çox az şey görürəm. O sırada həyatım boyu buraxdığım səhvlər, görməli olduğum görülməmiş işlərim dayanır. Yaxud, vaxtında bizə aşılanmayan dini-əxlaqi dəyərlər, səhv yaşadığım həyat… Ancaq artıq gecdir. Vətənindən didərgin salınmış oğlanlarımdan birinin dediyi kimi, heyf ki, insan həyatının təkrar baxışı olmur.
– Vaxtilə öz mücadiləsi uğrunda canından, azadlığından keçən, bu gün isə ümidsizcəsinə susan cəmiyyətin narahat kəsiminin bugünkü yaşamını nə ilə müqayisə etmək olar?
– Sualınıza cavab verməkdə çətinlik çəkirəm. Daha doğrusu, həqiqəti, reallıqları ifadə etmək üçün yumşaq söz tapa bilmirəm. Mənim həmişə qəssab kötüyündə növbəsini gözləyən, ağzıbağlı ağıldakı, tövlədəki qoyun-quzuya yazığım gəlib. Uşaq vaxtı evə ət almaq lazım gələndə, ortancıl oğul olduğuma görə, “məndən kiçiyə olmaz, məndən böyüyə ayıbdır” prinsipi ilə, atam məni qəssab yanına göndərirdi. Mən də həmişə ət növbəsində duranda gözümü kəsilmək növbəsini gözləyən qoyun-quzunun məzlum baxışlarından çəkə bilmirdim. İçin-için ağlayırdım onların halına. Baxmayaraq ki, bir azdan ətlərini qəssabdan alıb evə aparacaqdım və anam da ləzzətli yemək bişirəcəkdi. O qoyun-quzu həmin anda gövşəyə-gövşəyə yaşadıqlarını zənn edirdilər. Ancaq aralarında eləsi də olurdu ki, sanki onu gözləyən aqibəti başa düşüb onları dövrələyən maneələrin üstündən atılıb qaçmağa çalışırdı. Uşaq vaxtı quzu otarırdım, çobanlıq edirdim. Çöldə həmişə məhlə uşaqlarıyla qoç döyüşdürürdük, sonra da uduzan qoçları tutub minirdik. Alimlərin dediyinə görə, millətlərin, xalqların xarakteri saxladıqları heyvanların, yaşadıqları ərazilərin relyefləri, təbiətin təsiri altında formalaşır. Görünür, millətimizin nümayəndələrinin çoxu uşaq vaxtı qoç saxlamayıblar. Yoxsa…Vəziyyət ümidsiz deyil. Uşaq vaxtı bir şeyi də müşahidə etmişdim. Qoyun-quzu sürüsü təkə hoppanmadan, ya da erkək keçilərdən biri qabağa düşmədən balaca su arxından belə keçməzdilər. Elə ki, təkə özünü qabağa atdı, özünü suya vurdu, böyük çay, hətta sel də olsa, sürü özünü təkənin arxasınca selə buraxır. Bu, həyatın obyektiv qanunauyğunluğudur. Bütün canlılar belə yaradılıb…
“…bu məmləkətdə müxalifət partiyasının rəsmi üzvü olanların hamısı ya “təyyarə qəzasında” həlak olublar”, ya da satılıblar”
– İnsanın canı ruhunda, ictimaiyyətin canlılığı isə onun fəaliyyət istiqamətlərini diqqətdə saxlamaqla əskiklərini deyən və onun həlli yollarını tələb edən müxalifətçiliyi ilə yaşayır. Mövcud vəziyyətdə isə cəmiyyət ölü müxalifətçiliyin halına “ağlamaqla” məşğuldur. Bəlkə insafa gəlib “oyandılar” ümidi ilə edilən səylərə reaksiya veriləcəyi arzusu ilə… Bir çarə axtarışı ilə nəyə ümid edək?
– Aqillər deyib ki, başqasının arxasınca gedənin öz yolu olmaz. Qonşuya ümidli olan çörəksiz qalar. İnsan belə vəziyyətdə qərar verməli olanda gərək özünü tək-tənha hesab etsin. Sanki heç kim yox imiş kimi, təkbaşına. Təbii ki, haqlısınız, özünü müxalifət kimi bu xalqa təqdim edən varsa, bu millətin ondan nələrisə gözləmək, tələb etmək haqqı var. Ancaq… Bir tərəfdən, nəzərə almaq lazımdır ki, müxalifət kimi özünü xalqa sırıyan və ya milli azadlıq hərakatından millətin yaddaşında müxalifətçi kimi qalanların əksəriyyətini hakim qüvvələr müxtəlif vasitələrlə ələ alıb və özünə lazım olan qaydada idarə edir. Yəni bu gün müxalifət cəbhəsində hakimiyyətə xidmət göstərən kifayət qədər qüvvə var. İkinci tərəfdən, xalq bilməlidir ki, “müxalifətçi” adında nə adam, nə partiya, nə də elə bir “ağ atlı” oğlan yoxdur ki, ortaya çıxıb hakimiyyətlə təkbətək döyüşsün və bütün nöqsanları aradan qaldırsın. Müxalifəti qınayan hər kəs ilk növbədə özü-özünə hesabat verməlidir: mən müxalifət üçün, vəziyyətin dəyişməsi üçün nə etmişəm? Mən özüm kiməm, mənim vəzifəm nədir, övladlarımın gələcəyi, ailə-uşağımın bu gün firavan yaşaması üçün üzərimə düşən vəzifələri icra etmişəmmi? O oyanmağını gözlədiyiniz kimlərdir ki? Özümüzük. Sizsiz, mənəm, qohum və dostlarımız, qonşularımız, həmkəndlilərimizdir. Hər bir vətəndaş belə sansın ki, bu məmləkətdə rəsmi müxalifət partiyasının üzvü olanlar hamısı ya “təyyarə qəzasında” həlak olublar”, ya da satılıblar. Bu halda millət nə etməlidirsə, onu da etməlidir. Yoxsa, heç kim öz qorxaqlığını, tənbəlliyini, passivliyini, laqeyd və məsuliyyətsizliyini mücərrəd “müxalifət müəllim”in üstünə atmamalıdır.
– Siyasi düşərgədə bölücülüyə görə kifayət qədər qınananlardan biri olan AXCP lideri Əli Kərimli və Milli Şura tərəfdarlarının son mitinqi “oyanmaq” üçün xalqın üzünə “su çiləyə” bildimi?
– Əvvəla, mən Əli Kərimlini “siyasi düşərgədə bölücülüyə görə kifayət qədər qınananlardan biri” hesab etmirəm. Onu gözdən salmaq üçün böhtan atan, şaiyə yayanlar var. Məsələn, Milli Şuranı “rus projesi” adlandırıb, kimlərinsə oranı tərk etməsində Əli Kərimlinin nə rolu var idi? Heç bir. Əksinə, Əli bəy bu gün bütün qüvvələri bir yerdə -Milli Şurada toplanmağa dəvət edir. Ən əsası isə, artıq hakimiyyətlə əməkdaşlıq etdikləri bəlli olan qüvvələrin bir yerə toplanmasının da mənası yoxdur. Təcrübə göstərdi ki, bu, daha çox ziyanlıdır. Ancaq zərurət yarananda, məqam çatanda situasiya və millətin iradəsi hamını birləşdirəcək. Hətta dövlətçilik və milli maraqlar tələb edəndə hakimiyyətin özündə təmsil olunan qüvvələrin müxalif mövqeyə keçmələri barədə tarixdə çoxsaylı faktlar var. Çox da ümidsiz olmağa əsas yoxdur.
– Qurban müəllim, hazırki siyasi müxalifət partiyalarını həm özləri, həm də ictimai sfera inkar etsə də, yenilərin hansı səbəblər üzündən yaranmadığı müxtəlif amplualarda təhlil olunur. Belə hesab edilir ki, köhnələr qısqanclıq üzündən yeni siyasətçilər yetişdirməyib. İndiki şəraitdə yeni siyasi mühitin yarana bilməsi nə dərəcədə mümkündür?
– Son 20-30 ildə müxalifət partiyası kimi fəaliyyət göstərən qurumlarda, həqiqətən də kadr və siyasi-elmi baxımdan durğunluq acınacaqlı bir reallıqdır. Bunun bir səbəbi partiyaların özləri ilə bağlıdırsa, ikinci, ən vacib səbəbi ölkədəki siyasi reallıqlarla bağlıdır. TV-lər, geniş auditoriyalar müxalifətin üzünə bağlıdır. Siyasi diskussiyaların getməli, siyasi savad və qabiliyyətin nümayiş etdirilməli olduğu yerlərdə bayağı əxlaq və yaltaqlıq yarışları nümayiş etdirilir. Proporsional seçki sistemi ləğv edilib. Bu sonuncu isə partiyalarda kadr hazırlığına olan stimulu tamamilə aradan qaldırıb. Bizim hakim qüvvələrə savadlı kadr lazım deyil, deyilənləri robot kimi icra edən, haram yeməkdən utanmayan, lazım gələndə onun-bunun üzünə durmağı bacaran, başqasını şərləməyi özünə şərəf bilən adamlar lazımdır. Digər tərəfdən, köhnələrin yenilərin ortaya çıxmasına mane olmaları barədə deyilənlər bir yandan şişirdilsə də, bir yandan da obyektiv həqiqətdir. Əvvəla, bəri başdan deyim ki, bu sahədə çox da ümidsizliyə qapılmaq lazım deyil. Son vaxtlar “ÜMİD”, “REAL” və s. kimi yeni qruplar, hərəkatlar ortaya çıxmaqdadır və çox da səviyyəli gənclərimiz yetişib. Şəxsən mən onlara çox ümid bəsləyirəm. Ancaq, təbiətdə “boşluqların doldurulması” adlanan bir obyektiv qanunauyğunluq mövcuddur. Bizim atalar bunu sadə dildə belə ifadə etmişlər: “su axar, çuxurun tapar”. Yəni yağış yağanda çökəklərə, boşluqlara dolar. Bu qanun insan mənəviyyatı, əxlaqı və tərbiyəsi ilə də bağlı eyni qaydada fəaliyyət göstərir. Yəni, sən uşağına vaxtında düzgün dini tərbiyə verməzsən, onun qəlbini başqa radikal, ziyanlı cərəyanlar doldurar. Vaxtında düzgün tərbiyə verməzsən, narkomanlara, cinayətkar qruplara qoşular və s. Siyasi ideologiyaların bütün istiqamətlərində Azərbaycanda artıqlaması ilə partiyalar qurulub. Hətta bir çox partiyaların proqramlarındakı fikirlər, tezislər eynidir. Gənclər yeni partiya qurmaq istəyəndə ad belə tapmaqda çətinlik çəkirlər. Niyə? Çünki bütün “boşluqlar” doludur. Bəs bu gənclər, yeni kadrlar hara yerləşməli, harada püxtələşməli, təcrübə toplamalıdırlar? Bu baxımdan, “köhnələrin” yer boşaltmaları sosial-siyasi sifarişdir. Ancaq Avstriya yazıçısı S. Sveyq özünün “Jorj Fuşe” adlı siyasi romanında yazdığı kimi, dünyanın bütün siyasətçilərinin bir eybi var: “siyasətdən getmə vaxtını düzgün müəyyən edə bilməmək”. Ancaq deyək ki, “köhnələr” boşluqlar yaratmırlar. Onda necə, gənclər, yeni kadrlar öz arzularını, planlarını həyata keçirə bilməyəcəklərmi? Ya da istədiklərini həyata keçirtməməlidirlərmi? Yoxsa, reallıqlarla barışıb, gözləmə mövqeyi tutmalıdırlar? Bu variant da mümkündür və belə olan cəmiyyətlərdə durğunluq yaranır, cəmiyyət inkişafdan qalır. Yenə də ancaq… Qeyd etdiyim qanunun digər tərəfi də var: axar suyun qarşısı açılmazsa, bəndi aşırar və özünə mütləq yataq tapar. Azərbaycan gəncliyi isə axar su kimidir, o indiki vəziyyətlə barışası deyil. Çünki gələcək, bu dövlət, indi dağıdılan, tar-mar edilən, talanan sərvətlər onundur. Bu gənclik öz taleyinə, öz gələcəyinə mütləq sahib çıxacaqdır. Nəyin bahasına olursa olsun. Böyük Atatürk vaxtilə gəncliyə səslənərkən belə demişdi: “…son anda damarındakı qana arxalan.” Xarici ölkələrdə oxuyan və kifayət qədər savadlı, hazırlıqlı olan gənclərimiz var. Mən onlara ümidliyəm.
“Bu gün baş verənləri “təbii qarşılamaq” kimi qiymətləndirmək səhvdir”
– Bəzən insanlarımızın bütün problemlərini və ona qarşı olan haqsızlığı təbii hal kimi qarşılanmasının səbəblərini düşünərkən “niyə biz beləyik?” sualı yaranır. Millət, xalq olaraq bizdə çatışmayan nədir?
– Bu, çox ciddi sualdır. Xüsusi araşdırma tələb edir. Bu sualın cavabını yalnız sosioloqların, etnoqrafların, tarixçilərin və hüquqşünasların birgə səyi ilə tapmaq lazımdır. Bir hüquqşünas kimi qısaca deyim ki, insanlarımız mövcud haqsızlıqları təbii hal kimi qarşılamır və qarşılaya da bilməz. Dünyada belə xalq və ya canlı yoxdur, ola da bilməz. Bu, yaradılışın mahiyyətinə, fəlsəfəsinə zidd olardı. Heyvan heyvandır, o da özünə qarşı haqsızlığa dözmür. Bu gün baş verənləri “təbii qarşılamaq” kimi qiymətləndirmək səhvdir və belə yanaşma çox qorxulu nəticələr verə bilər. Sadəcə olaraq, Azərbaycan bir dövlət olaraq, millətimiz bir toplum olaraq sovet imperiyası dövründə KQB-nin hazırladığı təlimatlarla idarə edilir deyə, iradəsi qırılır, zəif salınır, kompleks və ardıcıl həyata keçirilən tədbirlərlə onun özünəgüvən, özünəinam hissi məhv edilir, ümidsizləşdirilir. Xüsusi cəzalandırma və təqib sistemi, xüsusi inzibati metodlarla xalqımız bu hala salınıb. Şimali Koreya, Hitler Almaniyası, Stalin Rusiyası, Səddam İrakı, Qəddafi Liviyası da eyni vəziyyətdə idi. Azərbaycan daha çox yazılı olmayan qanunlarla idarə edilir. Nəticə də budur. Bu, çox böyük və vacib mövzudur. Tək bu sualla bağlı günlərlə müzakirələr aparılmalıdır. Ancaq tam əminliklə deyirəm: bu “təbii qarşılama”, əslində, “qəzəbini içinə vurma”dır. Püskürməyindən ALLAH(c.c) saxlasın.
– Siyasi cəmiyyətdə öz sözünü demiş partiya liderləri birinci olmaq iddiası ilə bir-birlərini çox “qamçılayandan” sonra nəhayətdə bu gün yorulub susub. Keçmişi unudub, yenidən bir araya gəlmək mümkündürmü və bu işdə vasitəçi nə və kim ola bilər? Xalq onları “barışdıra” bilərmi və nə zaman?
– Kimlərisə bir araya gətirməyə ehtiyac yoxdur. Bütün maskalar çoxdan cırılıb. Bəziləri hətta maskasız, açıq oynayır. Yuxarıda dedim, xalq öz iradəsini ortaya qoyandan sonra hamı mövqeyini müəyyənləşdirəcək. Xalq ya bu gün ortada olan liderlərdən birinin ətrafında toparlanmalı, bununla da başqalarına da nə etməli olduqlarını başa salmalıdır, ya da indikilərə inanmır və güvənmirsə, öz içindən yeni bir lider irəli çıxaracaqdır. Buna mənim heç bir şübhəm yoxdur.
– Azərbaycan insanının milli-mənəvi, ruhi dəyərlərində xarici təsirlərdən dəyişən məqamlar nə ilə bağlıdır? Dinimizdə cahillik, dilimizdə qüsur, millətimizdə kiçiklik qorxusunu axtarmaqdayıq və yaxud olanımız budur. İrəliyə – inkişafa doğru baxmaqdansa, bizi geriyə dönməyə vadar edən nədir?
– Milli mentalitetimizi, milli sosial kodlarımızı, əxlaq və dünyaya baxışımızı dəyişmək üçün xalqımıza qarşı kompleks tədbirlər tətbiq edilir. Bütün bunlar elmi məsələlərdir. Siz bir müsahibəyə sığmayacaq ciddi problemlər qaldırırsınız. Hətta bu sualların cavabını axtarmaqla həyatımızı təhlükəyə atmış olarıq. Ancaq cavablar tapılmalıdır. Bundan əvvəl isə xarici qüvvələrin xalqımıza qarşı, sapı özümüzdən olanların əliylə, yürütdükləri siyasətin istiqamətləri, tətbiq etdikləri metodlar, vasitələr, üsullar müəyyənləşdirilməli, sonra isə əks tədbirlər planı hazırlanıb həyata keçirilməlidir. İlk növbədə isə TV-lərdən, KİV-lərdən, tərbiyə və təhsil sistemimizdən başlamaq lazımdır. Min ildir ki, bizə İslam dinini gerilik, cahillik kimi təlqin edirlər. Yuxarıda dediyim kimi, məqsədləri özümüzün və övladlarımızın qəlblərində boşluq yaratmaqdır ki, oranı öz istədikləri ilə doldura bilsinlər. Tariximizi saxtalaşdırır, təhrif edirlər ki, qürurlanası, fəxr ediləsi, nümunə götürülə biləsi, gəncliyə örnək olaraq göstərilə biləsi heç nəyimiz olmasın. Özümüzə inam və özünəgüvən hissini itirək, onlara möhtac olaq. Bizə təlqin etməyə çalışırlar ki, biz özümüzü idarə etməyə, müstəqil, suveren dövlət olmağa hazır və layiq deyilik. Bugünkü total rüşvətxorluq, korrupsiya və inzibati-məhkəmə özbaşınalığının da məqsədi budur. Son vaxtlar yəqin ki, insanlarımızın tez-tez: “əşşi, kimə lazımdır belə müstəqillik”, “Yaxşı ki o vaxt Moskva var idi” və s. bu kimi ifadələr işlətdiyinin şahidi olmusunuz. Xüsusilə, yaşlı və orta nəsildə son vaxtlar SSRİ-yə olan nostalji hissləri güclənib. Bütün bunların isə bir səbəbi var: 4 iyun 1993-cü ildə milli dövlət quruculuğuna son qoyulması, milli təhsil-tərbiyə sistemimizin məhv edilməsi, İslam dininin düzgün təbliğ edilməməsi və təhrif edilmiş formada təbliği, qəlblərin, könüllərin, ruhların, namus, əxlaq damarlarının boşaldılması… Boşluqlar isə mütləq dolur. Sən doldurmayanda, başqaları doldurur.
– Bəlkə zaman-zaman işğala məruz qalan, böyük qardaşlara xiidmət edən, daha çox təlqinçi obrazında çıxış edən, özü ola bilməkdən çox rus gələndə rus, ingilis gələndə ingilisə çevrilən bizlərin keçmişinə, indisinə buqələmun baxışı bizi bu hala gətirib?
– Başqa xalqlar da eyni tarixi hadisələri yaşayıblar. Roma imperiyasının bütün Avropa xalqlarının, ingilislərin başlarına açdıqları oyunları xatırlayın. Ya da monqolların, Çingizxanın, Batı xanın Rusiya səfərləri, 300 illik əsarət.. Yox, tək bununla bağlı ola bilməz. Bizim coğrafi mövqeyimiz və təbii sərvətlərimiz başımıza bəla olub həmişə. Bir sözlə, biz düzgün yaşamır və düzgün idarə edilmirik. Nəticə də belə olmalıdır. Biz savadlı, elmli, güclü, varlı olmalıyıq ki, başqaları bizi bu hala sala bilməsinlər. Başqalarına yem olmayaq. Təəssüf ki, bu prosesi başlada bilməmişik hələ də tam əksinə, imperiya siyasəti, müstəmləkə talançılığı hələ də davam edir.
– Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən həmsədr dövlətlərin iğalçıya qarşı qəti mövqe sərgiləməməsi nə ilə bağlıdır və regionda maraqları olan güclər nəyə ümid edir. Ölkə ictimaiyyəti hansı mövqeyi ortaya qoymalıdır?
– Biz özümüz düzəlməyincə beləcə davam edəcək. Avropa normal seçki keçirib, özünü idarə edə bilməyən bir millətə öz xristian qardaşını yedirtməz. Bunu anlayana qədər “status-kvo” dəyişməyəcək. Ölkə ictimaiyyəti ilk növbədə bir-birini sevməyi, bir-birinin qədrini bilməyi öyrənməli, sonra Avropadan nəsə ummalıdır.
– Bu durumu hansı proseslər dəyişəcək?
– Təəssüf ki, bu sualınıza cavab verməkdə cətinlik çəkirəm. Düşünürəm ki, bu, xalqımız “dözümlü xalq” olmaqdan imtina etdiyi zaman baş verəcək.
Tahirə Qafarlı
Yeniçağ.az