Maskın 1 dollarlıq limiti federal agentliklərin işini iflic etdi

ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın təşəbbüsü ilə tətbiq edilən dövlət kredit kartlarına xərclərin bir dollarlıq limiti ABŞ federal agentliklərinin işini faktiki olaraq iflic edib.

Yenicag.az xəbər verir ki, bu barədə WIRED portalı məlumat yayıb.

“DOGE-nin kredit kartı qadağası kritik tədarükləri gecikdirir, səyahətləri pozur və işçilərin işlərini yerinə yetirməsinə mane olur. Təsiri artıq geniş şəkildə hiss olunur”, deyə nəşr qeyd edib.

Portalın məlumatına görə, məhdudiyyətlər artıq Qida və Dərman Administrasiyası (FDA), Federal Aviasiya Administrasiyası (FAA), Kənd Təsərrüfatı Departamenti (USDA) və digər qurumların işinə təsir göstərib. Xüsusilə, yeni qaydalar FDA laboratoriyalarının əsas təchizat çatışmazlığı yaşamasına səbəb olur, qida və dərman nümunələrinin təhlilini ləngidir.

Portal onu da bildirib ki, müəyyən edilmiş limitlə əlaqədar olaraq, əməkdaşların ezamiyyə xərclərini ödəyə bilmədiyi üçün milli parkların infrastrukturunun saxlanılması və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi layihələr dondurulub.

Daha əvvəl məlum olub ki, İlon Maskın təşəbbüsü sayəsində DOGE ABŞ hökumətinə gündə təxminən 1 milyard dollar qənaət etməyə nail olur. Qənaət qismən xarici təşkilatlara düzgün olmayan ödənişlərə son qoymaq, müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini dəstəkləmək üçün proqramları bağlamaq və yeni işə qəbulu dayandırmaqla əldə edilib. Departament qeyd edib ki, gələcəkdə bu məbləği 3 milyard dollardan çox artırmağı planlaşdırırlar./qaynarinfo