Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavritaniya Prezidenti Amina Qurab-Fakim iştirak edəcək. Bu məqsədlə xanım A.Qurab-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub.
Mavritaniya Prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas mərizəçidir.
Qeyd edək ki, biologiya sahəsindəalim olan Amina Qurab-Fakim 2014-cü ildən Mavritaniyanın Prezidenti və Ali Baş Komandanıdır. O, ölkəsinin ilk qadın prezidentidir. Amina Qurab-Fakim uzun illər göstərdiyi elmi fəaliyətinə görə bir çox beynəlxalq mükafatlara, o cümlədən YUNESKO-nun qadın alimlər üçün təsis etdiyi mükafata layiq görülüb.
Xatırladaq ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti Ilir Meta, Makedoniya Respublikasının Prezidenti George İvanov, Moteneqro Prezindenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, Türkiyə Respublikasının Xarici işlər naziri Mövlut Çavuşoğlunun da iştirakı gözlənilir. Eyni zamanda, Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.